FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi yaxın günlərdə gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət edib.
Nazirlikdən verilən məlumata görə, Milli Hidrometeorologiya Xidməti ölkənin bəzi ərazilərində intensiv yağış, dağ çaylarında qısamüddətli sel, şimşək və arabir güclü külək proqnozlaşdırır.
FHN güclü külək zamanı yüngül konstruksiyalı tikililərdən, bina və reklam lövhələrindən, eləcə də elektrik dirəkləri və hündür ağacların altından uzaq durmağı tövsiyə edib.
Nazirlik həmçinin küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb. Kiçikhəcmli gəmi istifadəçilərinə belə hava şəraitində dənizə çıxmağın qadağan olunduğu xatırladılıb.
Müraciətdə intensiv yağıntılar nəticəsində yarana biləcək sel və daşqın təhlükəsi ilə əlaqədar vətəndaşlara riskli ərazilərdən uzaq durmaq, təhlükə yaranarsa dərhal yüksəkliyə qalxmaq tövsiyə olunub.
FHN ildırım zamanı elektrik cihazlarının şəbəkədən ayrılmasını, telefon danışığından çəkinməyi, açıq havada elektrik xətləri və hündür ağaclara yaxınlaşmamağı məsləhət görüb. Avtomobildə olanlara isə hərəkəti dayandıraraq şüşələri qaldırıb təhlükə sovuşanadək gözləmək tövsiyə edilib.
Nazirlik fövqəladə vəziyyət zamanı əhaliyə 112 qaynar xəttinə müraciət etməyi tövsiyə edib.