Azərbaycanda 15 yaşlı qız uşaq doğub
Azərbaycanın Ucar rayonunda 15 yaşlı yeniyetmə qız uşaq dünyaya gətirib. Bu barədə APA məlumat yayıb.
Məlumata görə, 2011-ci il təvəllüdlü yeniyetmə aprelin 14-də saat 19:00 radələrində doğuş sancıları ilə Ucar Rayon Mərkəzi Xəstəxanası-nın Doğum şöbəsinə yerləşdirilib. Ona 31–32 həftəlik hamiləlik diaqnozu qoyulub.
Saat 20:20 radələrində çəkisi 1900 qram, boyu 44 sm olan oğlan uşağı dünyaya gəlib. Xəstəxananın məlumatına görə, ana və körpənin vəziyyəti stabilləşdirilib və müvafiq tibbi yardım göstərilib.
Zahı vəziyyətdə olan yeniyetmə aprelin 17-də ambulator müalicə üçün evə buraxılıb.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.