Birbank Invest-in dövriyyəsi 9 ayda $25 mln olub
Birbank Invest platformasının dövriyyəsi fəaliyyətə başladıqdan sonra 9 ay ərzində 25 milyon ABŞ dollarını ötüb. Bunu Kapital Bank-ın İdarə Heyətinin sədri Fərid Hüseynov çərşənbə günü keçirilən mətbuat konfransında deyib.
Hüseynovun sözlərinə görə, Birbank Invest PAŞA Kapital İnvestisiya Şirkəti ilə birlikdə yaradılıb və Azərbaycanda bank tərəfindən təqdim olunan ilk müstəqil investisiya tətbiqidir.
Onun dediyinə görə, platforma istifadəçilərə 1 ABŞ dollarından başlayaraq qlobal bazarlara çıxış imkanı yaradır və ABŞ-ın aparıcı şirkətlərinin səhmləri, eləcə də birja investisiya fondları (ETF) daxil olmaqla 12,000-dən çox maliyyə aləti təklif edir.
Hüseynov əlavə edib ki, platformada sürətli rəqəmsal qeydiyyat, 24/7 investisiya imkanı, 500,000 ABŞ dollarınadək sığorta təminatı və yüksək təhlükəsizlik standartları mövcuddur.
O bildirib ki, hazırda Birbank Invest-in istifadəçi sayı 100,000-ə yaxındır.
Gülnar Nazimqızı