Image

Lizinq qanununda mediasiya, rəqəmsal xidmətlər və risk mexanizmləri gücləndirilməlidir - deputat

Maliyyə münasibətlərində mübahisələrin operativ həlli üçün mediasiya və arbitraj institutlarının qanunda ayrıca təsbit olunması vacibdir. Bunu deputat Vasif Qafarlı Milli Məclisdə çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, bu yanaşma həm sahibkarlıq subyektlərinin hüquqi müdafiəsini gücləndirə, həm də məhkəmələrin iş yükünü azalda bilər.

Vasif Qafarlı qeyd edib ki, qanun layihəsində fiziki şəxslərin hüquqlarının qorunmasına dair xüsusi normaların əks olunması da zəruridir. O, bu sahədə informasiya asimmetriyasının mövcud olduğunu və istehlakçıların əlavə müdafiəyə ehtiyac duyduğunu bildirib.

Deputat həmçinin rəqəmsal iqtisadiyyatın inkişafını nəzərə alaraq elektron müqavilələr, rəqəmsal identifikasiya və onlayn lizinq xidmətlərinin hüquqi tənzimlənməsinin qanuna daxil edilməsini məqsədəuyğun sayıb.

Onun sözlərinə görə, risklərin bölgüsü ilə bağlı müddəaların, xüsusilə fors-major halları, sığorta mexanizmləri və texniki nasazlıqlara dair normaların daha konkret şəkildə müəyyənləşdirilməsinə ehtiyac var.

Qafarlı əlavə edib ki, lizinq bazarının inkişafı üçün stimullaşdırıcı mexanizmlər tətbiq edilməli, nəzarət və hesabatlılıq sistemi isə beynəlxalq standartlara uyğun gücləndirilməlidir.

Gülnar Nazimqızı 

Xəbər lenti