Əliyev BƏƏ nümayəndə heyətini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 28-də Qəbələdə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər Nazirliyinin dövlət naziri Səid bin Mübarək Əl-Hacirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlət başçısı bildirib ki, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlər bütün sahələr üzrə uğurla inkişaf edir.
O, bu kontekstdə BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə şəxsi dostluq münasibətlərinə toxunub.
Əliyev qarşılıqlı səfərlərin, o cümlədən Qarabağa edilən səfərlərin və aparılan müzakirələrin ikitərəfli əlaqələrin genişlənməsində mühüm rol oynadığını qeyd edib. O, həmçinin Səid bin Mübarək Əl-Hacirinin böyük nümayəndə heyəti ilə Azərbaycana səfərinin əməkdaşlığın dərinləşdirilməsinə töhfə verəcəyini vurğulayıb.
Qonaq BƏƏ Prezidentinin salamlarını çatdırıb və Azərbaycan Prezidentini Cənubi Qafqazda sülh gündəliyinin irəlilədilməsi istiqamətində əldə olunan nailiyyətlər, eləcə də Ermənistanla sülh prosesinə verdiyi töhfəyə görə “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməsi münasibətilə təbrik edib.
Prezident Əliyev isə öz növbəsində BƏƏ-nin qurucusu Şeyx Zayed bin Sultan Al Nəhyanın irsini təşviq edən “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsini xatırladaraq təşəkkürünü bildirib.
Görüşdə siyasi, iqtisadi, ticarət, enerji, bərpaolunan enerji, investisiya fondları və hərbi əməkdaşlıq daxil olmaqla geniş gündəlik üzrə fikir mübadiləsi aparılıb. Tərəflər həmçinin Yaxın Şərqdəki vəziyyəti müzakirə edərək problemlərin diplomatik yollarla həllinin vacibliyini vurğulayıblar.






