Bakcell Ümumdünya Autizm Ayı çərçivəsində Kaşalata kafedə görüş keçirib
İnnovasiya lideri Bakcell Ümumdünya Autizm Maarifləndirmə Ayı çərçivəsində “Birgə və Sağlam” İctimai Birliyi tərəfindən təsis edilən Kaşalata kafedə “İnklüzivlikdə İnnovativ Həllər” adlı görüş təşkil edib.
Tədbirin əsas məqsədi rəqəmsallaşan dünyada neyro-müxtəlifliyi olan şəxslər üçün inklüziv yanaşmaların inkişafını təşviq etmək, bu istiqamətdə tətbiq olunan innovativ həlləri və real təcrübələri müzakirə etmək olub. Görüşdə dövlət və özəl sektor nümayəndələri daxil olmaqla, ümumilikdə 30-dan çox qonaq iştirak edib.
Tədbir çərçivəsində inklüziv cəmiyyətin formalaşdırılmasına yönəlmiş müasir yanaşmalar, məşğulluq və təhsil imkanlarının genişləndirilməsi, həmçinin sosial sahibkarlıq modelləri ətrafında fikir mübadiləsi aparılıb. “Birgə və Sağlam” İctimai Birliyinin təsisçisi və sədri Aytən Eynalovanın moderatorluğu ilə keçirilən müzakirədə millət vəkili Nigar Arpadarai, AZAL-ın İnsan Resursları idarəsinin rəhbəri Ellada Alışova və Bakcell-in İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar üzrə direktoru Aysel Süleymanova çıxış ediblər.
Tədbirdə iştirak edən uşaqlar virtual reallıq (VR) texnologiyası ilə hazırlanmış oyunları sınaqdan keçirib, eyni zamanda öz rəsm əsərlərini sərgiləyərək yaradıcılıqlarını nümayiş etdiriblər. Bu yanaşma inklüziv mühitdə texnologiyanın və yaradıcılığın necə birləşə biləcəyini praktiki şəkildə göstərib.
Bakcell inklüziv cəmiyyətin qurulmasına dəstək strategiyası çərçivəsində neyro-müxtəlifliyi olan şəxslərin inkişafını, bərabər imkanların yaradılmasını və inklüziv yanaşmaların genişləndirilməsini hədəfləyən layihələri davamlı şəkildə həyata keçirir. Şirkət texnologiya və sosial təşəbbüsləri bir araya gətirərək cəmiyyətin dayanıqlı inkişafına töhfə verməyə davam edir.
“Birgə və Sağlam” İctimai Birliyi neyro-müxtəlifliyi olan şəxslərin və onların ailələrinin sosial rifahını dəstəkləyir, autizmli şəxslərin cəmiyyətə inteqrasiyası, inklüziv təhsil və məşğulluq imkanlarının artırılmasına yönəlmiş layihələr həyata keçirir. Birliyin təşəbbüsü ilə yaradılmış Kaşalata kafe isə neyro-müxtəlifliyi olan gənclərin məşğulluğunu dəstəkləyən önəmli sosial platformalardan biridir.
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.



