Image

Nurullayev: Gömrük islahatları müsbət istiqamətdədir, lakin tətbiq mexanizmləri həlledici olacaq

Gömrük sahəsində təklif edilən dəyişikliklər ümumilikdə sistemin daha müasir və rəqəmsal əsaslarla işləməsinə yönəlib. Bunu deputat Razi Nurullayev deyib. 

Deputat qeyd edib ki, “elektron bəyanetmə”, “bir pəncərə prinsipi” və “səyyar gömrük auditi” kimi mexanizmlər ticarətin asanlaşdırılması və şəffaflığın artırılması baxımından müsbət qiymətləndirilə bilər.

Bununla yanaşı, Nurullayev bildirib ki, əsas risk qanunvericilikdə nəzərdə tutulan yeniliklərin praktikada tam şəkildə sadələşməyə gətirib çıxarmamasıdır.

“Kağız üzərində sadələşdirmə var, amma sahibkarın gündəlik təcrübəsində bu proseslər həqiqətən asanlaşacaqmı – əsas sual budur”, - o qeyd edib.

Deputat xüsusilə səyyar gömrük auditi mexanizminə diqqət çəkərək bildirib ki, bu alət düzgün tənzimlənməzsə, çevik nəzarət vasitəsi əvəzinə əlavə inzibati təzyiq alətinə çevrilə bilər.

O, həmçinin rəqəmsallaşma ilə insan faktoru arasındakı balansın vacibliyini vurğulayıb və bildirib ki, qərarvermədə şəffaflıq təmin olunmazsa, elektron sistemlər yalnız formal dəyişiklik xarakteri daşıyacaq.

Razi Nurullayev qeyd edib ki, biznes mühitinin əsas ehtiyacları sürət, aydınlıq və proqnozlaşdırıla bilən qaydalardır və bu prinsiplər təmin olunmadıqda investisiya mühiti risk altında qala bilər.

Deputat üç əsas prinsipi vacib hesab etdiyini bildirib: yeni mexanizmlərin tətbiq qaydalarının aydın olması, rəqəmsallaşmanın real sadələşdirmə yaratması və sahibkar hüquqlarının gücləndirilməsi.

O əlavə edib ki, gömrük sistemi həm dövlət nəzarət aləti, həm də iqtisadiyyat üçün dəstək mexanizmi kimi balanslı şəkildə işləməlidir.

Gülnar Nazimqızı 

Xəbər lenti