İranda beynəlxalq internet bərpa olunacaq - SEPAH
İran Prezident Ofisi ölkədə beynəlxalq internetə çıxışın mərhələli şəkildə bərpa ediləcəyini bildirib.Bu barədə İran Prezident Ofisinə istinadən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Telegram” kanalında açıqlama yayılıb.
Açıqlamada qeyd olunub ki, internetə tətbiq olunan məhdudiyyətlər müharibə dövründə təhlükəsizlik mülahizələri ilə əlaqədardır və hökumətin bu məhdudiyyətləri daimi etmək planı yoxdur.
“Bir çox ictimai xidmətlər kimi, internetə çıxış da vətəndaşların təbii hüququdur və hökumət əhalini bundan məhrum etmək niyyətində deyil. Lakin xüsusi və fövqəladə şəraitdə ölkənin təhlükəsizliyi digər sahələr üzərində prioritet təşkil edir”, – məlumatda bildirilib.
Rəsmi açıqlamaya əsasən, tətbiq olunan məhdudiyyətlər texniki, təhlükəsizlik və hərbi səbəblərlə izah olunur.
Beynəlxalq internet monitorinq xidməti NetBlocks-un məlumatına görə, İranda internetə çıxışın ciddi şəkildə məhdudlaşdırılması artıq 75 gündür davam edir və bu, ölkə tarixində ən uzunmüddətli kəsintilərdən biri hesab olunur. Məlumata görə, internet məhdudiyyətləri 2025-ci ilin dekabrında başlayan etirazlardan sonra tətbiq edilib, daha sonra isə 2026-cı ilin fevralında ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları fonunda daha da sərtləşdirilib.