Image

Əliyev: Azərbaycan qaz ixracını artıracaq, 2032-ci ilədək 8 giqavat bərpaolunan enerji gücü yaradılacaq

 

Azərbaycan Avropaya qaz tədarükünü artırmağa, beynəlxalq enerji layihələrini genişləndirməyə və bərpaolunan enerji sektoruna investisiyaları sürətləndirməyə davam edəcək. Bunu Azərbaycan Prezidenti İlham Əliyev bildirib .

Bakı Enerji Həftəsinin açılışında çıxış edən prezident deyib ki, Azərbaycan qazının alıcısı olan ölkələrin sayı ötən ilki 12-dən 16-ya yüksəlib. Onlardan 10-u Avropa İttifaqının üzvüdür və bu rəqəm gələcəkdə daha da artacaq.

“Bu gün Cənub Qaz Dəhlizi olmadan Avropanın enerji bazarını təsəvvür etmək çətindir”, – Əliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan qaz hasilatını yeni layihələr hesabına artıracaq. Prezident xüsusilə “Azəri-Çıraq-Günəşli” blokunda həyata keçirilən Deep Gas layihəsini və “Abşeron” yatağını qeyd edib.

Əliyev bildirib ki, 30 il əvvəl xarici investorları cəlb edən Azərbaycan artıq özü xarici ölkələrə sərmayə yatıran dövlətə çevrilib. Onun sözlərinə görə, SOCAR hazırda Yaxın Şərqdə, Afrikada və Mərkəzi Asiyada investisiya layihələri həyata keçirir.

Prezident qeyd edib ki, “Italiana Petroli” şirkətinin alınmasından sonra SOCAR-ın Aralıq dənizi regionundakı neft emalı gücü 13 milyon tondan 23 milyon tona yüksəlib.

Əliyevin sözlərinə görə, Azərbaycanın qaz ehtiyatları ən azı 100 il ərzində ölkənin və tərəfdaşlarının tələbatını ödəməyə kifayət edəcək. Bununla yanaşı, ölkə yaşıl enerji sahəsinə böyük sərmayələr yatırır.

Prezident bildirib ki, gələn ilin sonunadək Azərbaycanda günəş və külək enerjisi üzrə quraşdırılmış güc 2 giqavata çatacaq. 2032-ci ilin sonuna qədər isə bu göstərici 8 giqavat olacaq.

O əlavə edib ki, Qarabağ və Şərqi Zəngəzurda artıq 300 meqavatdan çox su elektrik enerjisi gücü istifadəyə verilib və bu istiqamətdə işlər davam edir.

Əliyev Azərbaycanın Avropaya yaşıl enerji ixracı planlarından da danışıb. O bildirib ki, Azərbaycanı Gürcüstan, Rumıniya və Macarıstanla birləşdirəcək Qara dəniz enerji kabeli layihəsinin texniki-iqtisadi əsaslandırılması yekunlaşmaq üzrədir.

Bundan başqa, Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan marşrutu üzrə quru elektrik kabeli layihəsinin də icra mərhələsində olduğunu bildirib.

Prezident nəqliyyat sahəsində həyata keçirilən layihələrə də toxunaraq Şərq-Qərb nəqliyyat dəhlizinin uğurla fəaliyyət göstərdiyini deyib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizi də Şərq-Qərb marşrutunun yeni qolu kimi həyata keçiriləcək.

“Zəngəzur dəhlizi 8 avqust tarixində Ağ Evdə ABŞ Prezidenti, Ermənistanın Baş naziri və mənim tərəfimdən imzalanmış sənəd əsasında mütləq inşa olunacaq”, – Əliyev bildirib.

Prezident vurğulayıb ki, Azərbaycanın enerji və nəqliyyat sahələrində əldə etdiyi uğurlar uzunmüddətli strategiya, beynəlxalq əməkdaşlıq və fəal diplomatiya nəticəsində mümkün olub.

“Bu geniş regional əməkdaşlıq formatını yaradan bizim resurslarımız, təşəbbüslərimiz və əsasən də investisiyalarımız olub”, – dövlət başçısı deyib.

Əliyev neft və qaz istehsal edən ölkələrin tənqid olunmasına da münasibət bildirərək qeyd edib ki, dövlətlər malik olduqları təbii sərvətlərə görə deyil, həmin sərvətlərdən əldə etdikləri gəlirləri necə idarə etdiklərinə görə qiymətləndirilməlidir.

Prezident bildirib ki, Azərbaycan müstəqilliyinin ilk illərində 50 faizdən yüksək olan yoxsulluq səviyyəsini təxminən 5 faizə endirib, xarici borcu ÜDM-in 6 faizindən aşağı səviyyədə saxlayıb və ölkənin valyuta ehtiyatları xarici borcu 18 dəfədən çox üstələyir.

N.Təbrizli

Mənbə: anews.az

Xəbər lenti

"Brent" bahalaşıb