Qazaxıstan BTC kəmərinin boş gücündən istifadə etmək istəyir
Qazaxıstan Bakı–Tbilisi–Ceyhan (BTC) neft kəmərinin mövcud boş ötürmə gücündən istifadə etməyi planlaşdırır. Bunu Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov Bakı Enerji Həftəsində bildirib.
Nazirin sözlərinə görə, Qazaxıstan hazırda Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) imkanlarından demək olar ki, tam istifadə edir və neft ixracı üçün əlavə marşrutlara ehtiyac duyur.
“Ötən il CPC ilə bağlı problemlər yaşadıq və hasilatı məhdudlaşdırmağa məcbur olduq. Buna görə Xəzər neftinin beynəlxalq bazarlara çıxarılması üçün əlavə marşrutlara ehtiyacımız var”, - Akkenjenov bildirib.
O qeyd edib ki, BTC kəmərinin hazırda təxminən 25 milyon ton boş ötürmə gücü mövcuddur və Qazaxıstan yaxın gələcəkdə bu imkanlardan istifadə edə bilər.
Nazirin sözlərinə görə, Qazaxıstan hasil etdiyi neftin 80%-ni beynəlxalq bazarlara ixrac edir və əsas bazar Avropadır.
Akkenjenov bildirib ki, Ormuz boğazında yaranan risklər fonunda Cənubi Koreya, Tailand və İndoneziya da daxil olmaqla bir sıra ölkələr Qazaxıstan neftinə maraq göstərir.
O əlavə edib ki, BTC yalnız Xəzəri Aralıq dənizi ilə birləşdirən kəmər deyil, həm də Ceyhan limanında iri həcmli VLCC tankerlərinin yüklənməsinə imkan verir ki, bu da müştərilər üçün əlavə iqtisadi üstünlüklər yaradır.
N.Təbrizli
Mənbə: anews.az