Image

Şahbazov: Azərbaycan 2029-cu ilədək bir sıra yeni qaz layihələrini istifadəyə verəcək

Azərbaycan 2027-2029-cu illərdə “Qarabağ” yatağı, “Şahdəniz Kompressiya”, “Abşeron”, “Ümid”in ikinci mərhələsi və “Bahar-Qum Dəniz” layihələri daxil olmaqla bir sıra yeni neft-qaz layihələrini istismara verməyi planlaşdırır.

Bunu energetika naziri Pərviz Şahbazov Bakı Enerji Həftəsində çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, Azərbaycanın enerji sektoru neft və qaz hasilatı ilə yanaşı, yaşıl enerji və beynəlxalq investisiyalar hesabına yeni inkişaf mərhələsinə qədəm qoyur.

Şahbazov qeyd edib ki, Azəri-Çıraq-Günəşli yatağında sərbəst qaz hasilatının başlanması ölkənin enerji sektorunda yeni mərhələnin göstəricisidir.

Onun sözlərinə görə, 2027-ci ildə “Qarabağ” neft yatağının, 2029-cu ildə isə “Şahdəniz Kompressiya”, “Abşeron”, “Ümid-2” və “Bahar-Qum Dəniz” layihələrinin istismara verilməsi gözlənilir.

Nazir bildirib ki, Azərbaycanın strateji əhəmiyyəti artıq yalnız enerji hasilatı ilə deyil, regionlar və bazarlar arasında bağlantı imkanları ilə müəyyən olunur.

Şahbazovun sözlərinə görə, Azərbaycan hazırda 20-dən çox ölkəyə neft, 16 ölkəyə isə təbii qaz ixrac edir və boru kəməri ilə qaz ixracının coğrafi əhatəsinə görə dünyanın aparıcı ölkələrindən biridir.

Nazir bildirib ki, ötən il Azərbaycan Avropa İttifaqının boru kəmərləri ilə qaz idxalının 8,1%-ni təmin edib.

Onun sözlərinə görə, son bir il ərzində və bu ilin ilk dörd ayında Azərbaycan Avropaya 16,7 milyard kubmetr, Türkiyəyə 12,8 milyard kubmetr, Gürcüstana 3,3 milyard kubmetr, Suriyaya isə 800 milyon kubmetr qaz ixrac edib.

Şahbazov bildirib ki, ölkə 2032-ci ilədək 8 giqavat bərpaolunan enerji gücü yaratmağı planlaşdırır. Bu gücün 2 giqavatının milli enerji sisteminə inteqrasiyası gələn il başa çatacaq.

Nazirin sözlərinə görə, 2035-ci ilədək bərpaolunan enerjinin quraşdırılmış gücdə payının 43%-ə çatdırılması istiqamətində aparılan araşdırmalar yekunlaşmaq üzrədir.

N.Təbrizli

Mənbə: anews.az

Xəbər lenti

Sabah yağış yağacaq