Image

Gürcüstan Qara dəniz yaşıl enerji layihəsinin növbəti mərhələsinə bu il başlamağı gözləyir

Qara dəniz vasitəsilə bərpa olunan enerjinin Avropaya ötürülməsini nəzərdə tutan enerji dəhlizi layihəsinin növbəti mərhələsinə bu il başlanması gözlənilir. Bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini İnqa Pxaladze bildirib.

Onun sözlərinə görə, hazırda Qara dəniz Yaşıl Enerji Dəhlizi layihəsinin texniki və institusional çərçivəsinin hazırlanması istiqamətində işlər davam edir.

Pxaladze qeyd edib ki, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan tərəfindən irəli sürülən təşəbbüs çərçivəsində 4 000 meqavat gücündə GECO (Green Energy Corridor) layihəsi də inkişaf etdirilir. "Bu layihə Qara dəniz enerji kabeli layihəsi çərçivəsində əldə olunan təcrübəyə əsaslanacaq və regionun yaşıl enerji potensialının Avropa bazarlarına çıxarılmasına əlavə imkanlar yaradacaq", – o deyib. Nazir müavini bildirib ki, tərəfdaş ölkələr layihənin Avropa İttifaqının "Qarşılıqlı Maraq Doğuran Layihə" (PMI) statusunu alması istiqamətində də fəaliyyət göstərirlər. Onun sözlərinə görə, belə status layihənin inkişafını sürətləndirə və Avropanın enerji sisteminə inteqrasiyasını asanlaşdıra bilər.

Pxaladze əlavə edib ki, Qara dəniz enerji dəhlizi enerji mənbələrinin və marşrutlarının şaxələndirilməsinə, regionun enerji təhlükəsizliyinin gücləndirilməsinə və bərpa olunan enerji sektorunun inkişafına xidmət edir.

Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan 2022-ci ilin dekabrında Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsini nəzərdə tutan strateji tərəfdaşlıq sazişi imzalayıblar. Layihə gələcəkdə Cənubi Qafqazda istehsal olunacaq yaşıl enerjinin Avropa bazarlarına ixracına imkan yaratmalıdır.

Mənbə: anews.az

Xəbər lenti