Ukrayna Azərbaycan və Türkiyə ilə qaz anbarlarından istifadəni müzakirə edir
Ukrayna Azərbaycan və Türkiyə ilə öz qaz infrastrukturu və yeraltı qaz anbarlarından enerji resurslarının Avropaya çatdırılması üçün istifadə imkanlarını müzakirə edir. Bunu Ukraynanın Baş naziri Denis Şmıhal Bakı Enerji Həftəsində bildirib. Onun sözlərinə görə, Ukrayna Avropa qaz nəqli operatorları şəbəkəsi olan ENTSO-G-yə daxil olan tərəfdaşlarla Avropa bazarı ilə yeni enerji bağlantılarının inkişafı istiqamətində fəal əməkdaşlıq edir. “Böyük qaz anbarlarımız və güclü elektrik şəbəkəmiz sayəsində Ukraynanın müxtəlif enerji növləri üçün Avropaya çıxış qapısı kimi istifadə olunması məsələsində Azərbaycan və Türkiyə ilə çox yaxşı əməkdaşlığımız və danışıqlarımız var”, - Şmıhal deyib. O qeyd edib ki, müharibə şəraitində Ukrayna enerji sisteminin mərkəzsizləşdirilməsinə və paylanmış generasiyanın inkişafına üstünlük verir. Şmıhalın sözlərinə görə, ölkə “enerji hüceyrələri” adlanan konsepsiyanı tətbiq edir. Bu konsepsiya mərkəzi şəbəkə zədələnsə belə, müstəqil fəaliyyət göstərə bilən avtonom enerji qovşaqlarının yaradılmasını nəzərdə tutur. “Qaz generasiyası gələcəkdir. Strategiyalarımıza əsasən, gələcəkdə qaz generasiyasının ümumi elektrik enerjisi istehsalındakı payı ən azı 25% olacaq”, - Şmıhal bildirib. Baş nazir vurğulayıb ki, neft və qaz Ukrayna və Avropa üçün həyati əhəmiyyət daşıyır və Xəzər regionu, Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib. Gülnar Nazimqızı
Mənbə: anews.az