Moldova Azərbaycan qazının enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirir
Moldova enerji böhranından çıxmaq və enerji təhlükəsizliyini gücləndirmək üçün qaz təchizatı mənbələrini şaxələndirib və bu prosesdə Azərbaycan mühüm rol oynayıb. Bunu Moldovanın energetika naziri Dorin Junghietu Bakı Enerji Həftəsində bildirib. Nazirin sözlərinə görə, Moldova qısa müddətdə enerji resurslarından demək olar ki, tam asılılıqdan Avropa bazarlarına inteqrasiya olunmuş şaxələndirilmiş enerji sisteminə keçib. “Moldova, Rumıniya, Bolqarıstan və dostumuz Azərbaycan sayəsində etibarlı və müxtəlif qaz mənbələrinə çıxış əldə etdi”, - nazir bildirib. O qeyd edib ki, Moldova və Ukrayna rekord qısa müddətdə Avropanın ENTSO-E enerji sisteminə qoşulub ki, bu da ölkənin enerji təhlükəsizliyini gücləndirib. Junghietunun sözlərinə görə, ölkə son dörd ildə bərpaolunan enerji üzrə quraşdırılmış gücləri 12 dəfə artıraraq 77 meqavatdan 1 giqavatdan çox səviyyəyə çatdırıb. Nazir bildirib ki, Moldova hazırda enerji saxlama sistemlərinə və Rumıniya ilə Ukrayna istiqamətində yeni enerji bağlantılarına sərmayə yatırır. Gülnar Nazimqızı
Mənbə: anews.az