Image

Qırğızıstan elektrik enerjisinin 90%-ni hidroenergetikadan əldə edir

Qırğızıstanda elektrik enerjisi istehsalının təxminən 90%-i hidroenergetikanın payına düşür. Bunu Qırğızıstanın energetika naziri Taalaybek İbrayev Bakı Enerji Həftəsində bildirib.

Nazirin sözlərinə görə, Qırğızıstanın enerji sistemi uzun illər əvvəl yaradılmış Mərkəzi Asiya enerji halqası vasitəsilə region ölkələri ilə sıx inteqrasiya olunub.

“Qırğızıstan Respublikasında elektrik enerjisinin 90%-i su ehtiyatları və hidroenergetika hesabına istehsal olunur”, - İbrayev deyib.

Onun sözlərinə görə, ölkə enerji təhlükəsizliyi ilə yanaşı, Qazaxıstan və Özbəkistanla birlikdə su və ərzaq təhlükəsizliyi məsələləri üzərində də işləyir.

Nazir bildirib ki, azsulu illərdə Qırğızıstan qonşu Özbəkistan və Qazaxıstandan elektrik enerjisi alaraq enerji balansını qoruyur.

İbrayev qeyd edib ki, ölkədə 60 il əvvəl tikilmiş hidroelektrik stansiyaların və yarımstansiyaların modernləşdirilməsi həyata keçirilir.

Nazir Qırğızıstanın ən böyük hidroelektrik stansiyasının yerləşdiyi Toxtoqul su anbarını xüsusi qeyd edib. Onun sözlərinə görə, stansiyanın gücü 1 440 meqavatdır.

İbrayev bildirib ki, hidroenergetika obyektlərinin modernləşdirilməsi ilə yanaşı, ölkə günəş və külək enerjisi layihələrini də inkişaf etdirir.

“Qırğızıstanın istehsal etdiyi enerjinin 90%-i yaşıl enerjidir. Bu, hidroenergetika, kiçik su elektrik stansiyaları və bərpaolunan enerji mənbələrinin hesabına təmin edilir”, - nazir deyib.

Onun sözlərinə görə, ölkədə həyata keçirilən enerji islahatları və elektrik enerjisi istehsalının artırılması proqramı daxili tələbatın etibarlı şəkildə təmin edilməsinə xidmət edir.

Gülnar Nazımqızı

Mənbə: anews.az

Xəbər lenti