Image

Özbəkistan 2030-cu ilədək bərpa olunan enerjinin payını 54%-ə çatdırmağı hədəfləyir

Özbəkistan 2030-cu ilədək 20 giqavat bərpa olunan enerji gücü yaratmağı və elektrik enerjisi istehsalında bərpa olunan mənbələrin payını 54%-ə çatdırmağı planlaşdırır. Bunu ölkənin energetika naziri Bakı Enerji Həftəsi çərçivəsində keçirilən forumda bildirib. Nazirin sözlərinə görə, son illərdə Özbəkistanın enerji sektoruna 35 milyard dollardan çox investisiya cəlb olunub, 15 giqavatdan artıq yeni generasiya gücü istifadəyə verilib və illik elektrik enerjisi istehsalı 60 milyard kilovat-saatdan 85 milyard kilovat-saata yüksəlib. O qeyd edib ki, süni intellekt, rəqəmsal infrastruktur və məlumat mərkəzlərinin sürətli inkişafı elektrik enerjisinə tələbatı əhəmiyyətli dərəcədə artırır və bu, Mərkəzi Asiya üçün yeni imkanlar yaradır. Nazir bildirib ki, Özbəkistan COP29 zamanı Bakıda təqdim edilən və regionda bərpa olunan enerji sahəsində əməkdaşlığı gücləndirməyi hədəfləyən UPRECA təşəbbüsünü tam dəstəkləyir. Onun sözlərinə görə, Azərbaycanla əməkdaşlıq çərçivəsində Yaşıl Enerji Dəhlizi layihəsi həyata keçirilir və bu layihə Mərkəzi Asiyadan Avropaya təmiz elektrik enerjisinin ixracı üçün yeni marşrut yaradacaq. Nazir əlavə edib ki, Özbəkistan Türkiyə, Qazaxıstan, Qırğızıstan və Tacikistanla enerji sahəsində əməkdaşlığı genişləndirir, elektrik enerjisi ticarəti və regional enerji sistemlərinin inteqrasiyası istiqamətində birgə layihələr həyata keçirir. Onun sözlərinə görə, enerji keçidinin növbəti mərhələsi ötürücü şəbəkələrə, enerji saxlama sistemlərinə, rəqəmsal texnologiyalara və sərhədlərarası enerji bağlantılarına iri həcmli investisiyalar tələb edir. Gülnar Nazimqızı

Mənbə: anews.az

Xəbər lenti