Image

Qazaxıstan bərpa olunan enerjinin payını 2030-cu ilədək 15%-ə çatdırmağı planlaşdırır

Qazaxıstan bərpa olunan enerji mənbələrinin ölkənin enerji balansındakı payını 2030-cu ilədək 15%-ə, 2050-ci ilədək isə 50%-ə çatdırmağı planlaşdırır. Bunu Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov bildirib. Nazir beynəlxalq enerji forumunda çıxışı zamanı deyib ki, Qazaxıstan Paris Sazişi çərçivəsində 2060-cı ilədək karbon neytrallığına nail olmağı qarşıya məqsəd qoyub. Onun sözlərinə görə, 2025-ci ilin sonuna Qazaxıstanda bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı 8,6 milyard kilovat-saat təşkil edib ki, bu da ümumi istehsalın 7%-nə bərabərdir. Akkenjenov bildirib ki, ölkədə ümumi quraşdırılmış gücü 3,7 giqavat olan 169 bərpa olunan enerji obyekti fəaliyyət göstərir. Nazirin sözlərinə görə, 2050-ci ilədək qarşıya qoyulan hədəflərə çatmaq üçün Qazaxıstan hər il hərraclar keçirməyi və strateji investorlarla iri miqyaslı layihələr həyata keçirməyi planlaşdırır. O qeyd edib ki, enerji keçidi və alternativ enerji mənbələrinin inkişafı fonunda IRENA qlobal səviyyədə mühüm rol oynayır. Akkenjenov bildirib ki, Qazaxıstan Mərkəzi Asiyada bərpa olunan enerji sahəsində əməkdaşlığı gücləndirməyə yönəlmiş APRECA təşəbbüsünü maraqla qarşılayır. Onun sözlərinə görə, bu platforma IRENA və Mərkəzi Asiya ölkələri ilə daha sıx koordinasiya və təcrübə mübadiləsi üçün imkan yarada bilər. Nazir qeyd edib ki, Qazaxıstan üçün əsas prioritetlərdən biri enerji saxlama sistemlərinin inkişafıdır. “Bərpa olunan enerji mənbələrinin enerji sisteminə dayanıqlı inteqrasiyası üçün təchizatın çevikliyini və etibarlılığını təmin edən texnoloji həllər lazımdır”, - Akkenjenov bildirib. O əlavə edib ki, milli enerji infrastrukturunun modernləşdirilməsi, şəbəkə gücünün artırılması, intellektual idarəetmə sistemlərinin tətbiqi və interkonnektorların inkişafı da Qazaxıstan üçün mühüm istiqamətlərdir. Nazirin sözlərinə görə, bu addımlar gələcəkdə qonşu ölkələrlə elektrik enerjisi ticarəti imkanlarını da genişləndirəcək. Gülnar Nazimqızı

Mənbə: anews.az

Xəbər lenti