Image

Paşinyan: Rusiyanın Ermənistan məhsullarına tətbiq etdiyi qadağa siyasi təzyiqdir

Ermənistanın Baş naziri Nikol Paşinyan bir sıra məhsulların ölkədən Rusiyaya idxalına qoyulan qadağanı siyasiləşdirilmiş adlandırıb.

O, bu barədə sosial şəbəkələrdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, Rusiya tərəfinin atdığı addımlar Ermənistan vətəndaşları arasında Avrasiya İqtisadi İttifaqına (Aİİ) qarşı mənfi münasibət formalaşdırır.

"Əgər hər hansı məhdudiyyətlər tətbiq edilirsə, bu, Ermənistan vətəndaşları arasında Aİİ haqqında mənfi təsəvvür yaradır. Bu, məni narahat edir. Aİİ-nin Ermənistanda müsbət imicə malik olması mənim üçün həm də bir məsuliyyətdir. Lakin bəzi qərarlar buna kömək etmir", - N.Paşinyan bildirib.

Baş nazir həmçinin məhsulların idxalına qoyulan qadağalar ətrafında yaranmış vəziyyətin "gec-tez həll olunacağına" əminliyini ifadə edib.

"Rosselxoznadzor"un Ermənistandan olan bir sıra məhsulların fitosanitar normalara uyğun gəlməməsi barədə dünənki bəyanatını diqqətə çatdıran N.Paşinyan bildirib ki, bu cür problemlər həm Ermənistanda, həm də Rusiyada biznes sahəsində mövcuddur.

Qeyd edək ki, mayın 22-dən Rusiya Ermənistandan gül, mayın 23-dən isə bir neçə aparıcı erməni şirkətinin alkoqollu məhsullarının idxalını məhdudlaşdırıb. Mayın 30-dan pomidor, xiyar və çiyələk idxalına qadağa tətbiq edilib. İyunun 2-dən "Rosselxoznadzor" Ermənistandan albalı, gilas, gavalı, şaftalı və üzüm idxalını dayandırıb. Diri balıq və balıq məhsullarının tədarükü də oxşar məhdudiyyətlərə məruz qalıb.

Mənbə: anews.az

Xəbər lenti