Image

Masdar: Enerji bağlantıları üçün güclü şəbəkələr vacibdir

Regionlararası enerji bağlantılarının uğurla reallaşdırılması üçün ölkələr arasında siyasi uyğunluq, dayanıqlı kommersiya çərçivəsi və etibarlı ötürücü şəbəkələrin yaradılması vacibdir. Bunu Masdar şirkətinin Biznes və Layihələrin İnkişafı üzrə direktoru Abdulla Zayed Bakı Enerji Həftəsi çərçivəsində keçirilən panel müzakirəsində bildirib. Onun sözlərinə görə, enerji bağlantısı layihələrinin həyata keçirilməsinin ilk və ən vacib şərti iştirakçı ölkələr arasında siyasi iradənin və əməkdaşlığın mövcudluğudur. “Enerji bağlantıları yaratmaq istəyən bütün ölkələr arasında siyasi uyğunlaşma olmalıdır. Son illərdə ərəb ölkələri arasında enerji təhlükəsizliyi və regional bağlantıların inkişafı istiqamətində ciddi irəliləyiş müşahidə olunur. Bu cür layihələrin uğuru üçün hökumətlər, hüquqi qurumlar, maliyyə institutları və digər maraqlı tərəflər prosesə cəlb edilməlidir”, – Zayed deyib. Masdar rəsmisinin sözlərinə görə, ikinci mühüm amil layihələrin iqtisadi və kommersiya əsaslarının formalaşdırılmasıdır. “Enerji bağlantıları yalnız ötürücü xətlərdən ibarət deyil. Buraya yarımstansiyalar, transformatorlar və digər infrastruktur elementləri daxildir. Bu sistemin işləməsi üçün ölkələr arasında investisiyaları, maliyyələşməni və enerji ticarətini dəstəkləyən kommersiya mexanizmləri yaradılmalıdır”, – o bildirib. Abdulla Zayed qeyd edib ki, enerji bağlantılarının inkişafında ən vacib komponent texniki infrastrukturdur. “Bir çox ölkələr daha çox bərpa olunan enerji istehsal etmək potensialına malikdir. Lakin mövcud elektrik şəbəkələrinin imkanları və fasiləli enerji istehsalı ilə bağlı narahatlıqlar bu prosesi məhdudlaşdırır. Region ölkələrinin enerji sistemlərinin birləşdirilməsi bərpa olunan enerji mənbələrinin daha geniş istifadəsinə imkan verəcək”, – o vurğulayıb. Onun sözlərinə görə, bunun üçün ölkələr arasında müasir və etibarlı ötürücü xətlər qurulmalı, enerji təklifi və tələbi üzrə uzunmüddətli proqnozlaşdırma aparılmalıdır. Zayed bildirib ki, güclü enerji bağlantıları həm enerji təhlükəsizliyini artıracaq, həm də regionda bərpa olunan enerji layihələrinin inkişafını sürətləndirəcək. Gülnar Nazimqızı

Mənbə: anews.az

Xəbər lenti