Pezeşkian İlham Əliyevə təbrik məktubu göndərib
İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.
İran lideri təbrik məktubunda Azərbaycan xalqına rifah və əmin-amanlıq, Prezident İlham Əliyevə isə möhkəm cansağlığı və uğurlar arzulayıb.
Məktubda qeyd olunub ki, İran və Azərbaycan xalqlarını ortaq tarix, mədəniyyət, din və dil bağları birləşdirir və bu amillər iki ölkə arasında dostluq münasibətlərinin möhkəmlənməsinə töhfə verib.
Məsud Pezeşkian bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra İran iki ölkə arasında əlaqələrin inkişafını dəstəkləyib. O, hazırda Tehran və Bakı arasında münasibətlərdə dinamik inkişafın müşahidə olunduğunu vurğulayıb.
İran Prezidenti həmçinin ikitərəfli, regional və beynəlxalq məsələləri əhatə edən əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə ümidvar olduğunu qeyd edib.
Mənbə: anews.az