İsveç miqrantların ailə üzvləri üçün yaşayış icazəsi şərtlərini sərtləşdirir
İsveç hökuməti miqrantların ailə üzvlərini ölkəyə gətirməsi üçün yaşayış icazəsi qaydalarını sərtləşdirməyi planlaşdırır.
İsveçin miqrasiya naziri Yohan Forssell bildirib ki, hazırlanmaqda olan qanun layihəsi gəlir tələblərinin artırılmasını və ailə birləşməsi üçün müraciət etməzdən əvvəl iki illik gözləmə müddətinin tətbiqini nəzərdə tutur.
Yeni qaydalara əsasən, ölkəyə həyat yoldaşı və iki uşağını gətirmək istəyən miqrantın vergilər çıxıldıqdan sonra aylıq ən azı 23 818 İsveç kronu (təxminən 2 563 ABŞ dolları) gəliri olmalıdır. Dövlət yardımları, işsizlik müavinətləri və subsidiyalı məşğulluqdan əldə olunan gəlirlər bu hesablamaya daxil edilməyəcək.
Layihəyə görə, müraciət edən şəxsdən həm də ailə üçün kifayət qədər yaşayış sahəsinə malik olması tələb ediləcək.
İki illik gözləmə müddəti bütün kateqoriyalara şamil olunmayacaq. Əmək miqrantları, tədqiqatçılar, doktorantlar və bəzi qaçqın kateqoriyaları bu qaydadan istisna ediləcək.
Qanun dəyişikliklərinin 1 oktyabr tarixindən qüvvəyə minməsi planlaşdırılır.
Mənbə: anews.az