2026-cı ildə AÇG-də ilk dəfə çoxlüləli quyu qazılacaq
2026-cı ildə Azəri-Çıraq-Günəşli (AÇG) yatağında ilk dəfə olaraq çoxlüləli quyu dizaynının tətbiqi nəzərdə tutulur. Bu barədə yatağın qazma mühəndisi Fuad İbrahimov bildirilib.
"Çoxlüləli quyu texnologiyası mürəkkəb geoloji strukturlarda qazma işləri zamanı yaranan çətinliklərin aradan qaldırılmasına və platformalarda mövcud quyu şaxtalarının məhdudluğu probleminin həllinə kömək edir. Texnologiya bir quyu lüləsindən bir neçə nöqtədə laya çıxış imkanı yaratmaqla hasilatın səmərəliliyinin artırılmasına şərait yaradır",- o bildirib.
Məlumata görə, bu yanaşma layların daha geniş əhatə olunmasına, drenaj səmərəliliyinin yüksəldilməsinə və mövcud infrastrukturdan maksimum istifadə edilməsinə imkan verir.
"bp yataq üzrə texnologiyaların tətbiqi strategiyası çərçivəsində çoxlüləli quyuların qazılması istiqamətində geniş kampaniya həyata keçirməyi planlaşdırır. Bu təşəbbüs üfüqi qazma, geonaviqasiya, əlavə qum təzahürlərinə qarşı mübarizə və axının tənzimlənməsinə yönəlmiş ağıllı tamamlama sistemləri ilə birlikdə tətbiq ediləcək",- o vurğulayıb.
Aytac Zeynalova
Mənbə: anews.az