PAŞA Capital: Azərbaycanın kapital bazarı on dəfə böyümə potensialına malikdir
PAŞA Capital Azərbaycanda kapital bazarının mövcud səviyyədən on dəfə böyümə potensialına malik olduğunu hesab edir. Bu barədə şirkətin baş icraçı direktoru İsi Mustafayev bildirib. Onun sözlərinə görə, PAŞA Capital üçün 2026-cı il inkişaf ili olacaq və şirkət bir sıra iri layihələrin icrasını planlaşdırır.
Mustafayev qeyd edib ki, PAŞA Bank-ın ilkin kütləvi səhm təklifi (IPO) kapital bazarı üçün tarixi hadisədir.
"İlk dəfə olaraq korporativ sektordan bir şirkət IPO mərhələsinə gəlib. Bu prosesin baş anderrayteri olmaq bizim üçün qürurvericidir", - deyə o bildirib. Şirkət rəhbəri əlavə edib ki, IPO prosesinin iyunun ikinci həftəsində yekunlaşması gözlənilir və bu, təkrar bazarda PAŞA Bank səhmlərinin dövriyyəsinə imkan yaradacaq. Onun sözlərinə görə, şirkətin ikinci əsas layihəsi növbəti strateji dövr üzrə inkişaf planının hazırlanmasıdır. Mustafayev bildirib ki, PAŞA Capital eyni zamanda rəqəmsallaşma və biznes proseslərinin optimallaşdırılması istiqamətində işləri davam etdirir. Daxili sistemlərin tətbiqi başa çatdıqdan sonra yeni maliyyə alətlərinin bazara çıxarılması nəzərdə tutulur.
"Bizim istəyimiz bazardakı payımızı artırmaq deyil. Əsas hədəfimiz bazarın öz həcmini böyütməkdir", - o vurğulayıb. Mustafayevin sözlərinə görə, Azərbaycanın kapital bazarları ümumi daxili məhsula nisbətdə digər ölkələrlə müqayisədə aşağı səviyyədədir və növbəti illərdə əsas məqsəd bazarın genişlənməsinə töhfə vermək olacaq.
Mənbə: anews.az