UND rəhbəri: Almaniyadan Daşkəndə dəmir yolu daşımaları çox ləngdir
Almaniyadan Daşkəndə dəmir yolu ilə yükdaşımalarının bəzi hallarda 45 günə qədər davam etməsi Orta Dəhlizin rəqabət qabiliyyəti baxımından əsas çağırışlardan biridir. Bunu TransLogistica Caspian Forumunda Beynəlxalq Daşıyıcılar Assosiasiyasının (UND) baş icraçı direktoru Alper Özəl bildirib.
Özəl qeyd edib ki, yük sahibləri üçün daşınma müddəti əsas meyarlardan biridir və bu baxımdan avtomobil nəqliyyatı bir çox hallarda üstünlük qazanır.
“Almaniyadan Daşkəndə dəmir yolu ilə yük göndərmək istəsəniz, bu proses bəzi hallarda 40-45 gün çəkə bilər. Bu isə çox uzun müddətdir”, – o deyib.
Buna cavab olaraq panel iştirakçıları bildiriblər ki, son illərdə Orta Dəhliz üzrə daşınma müddətlərində ciddi irəliləyiş əldə olunub. Nümunə olaraq Çinin Sian şəhərindən Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan üzərindən Qara dəniz limanlarına yüklərin 14 gün ərzində çatdırıldığı qeyd olunub.
Müzakirələr zamanı vurğulanıb ki, hazırda dəhliz üzrə əsas məhdudiyyətlərdən biri Xəzər dənizində feeder daşımalarının tutumu ilə bağlıdır. Bununla belə, konteyner daşımalarının sürətləndirilməsi üçün yeni gəmilərin tikintisi həyata keçirilir.
Özəl bildirib ki, sərhəd-keçid məntəqələrində və gömrük prosedurlarında gecikmələr aradan qaldırılarsa, avtomobil nəqliyyatı daha böyük üstünlük əldə edə bilər.
“Əgər sərhədlərdə gözləmələr, əlavə rüsumlar və digər maneələr olmasa, yük sahiblərinin böyük hissəsi avtomobil daşımalarına üstünlük verər”, – UND rəhbəri qeyd edib.
Nəqliyyat bə logistika üzrə ekspert Rauf Ağamirzəyev bununla tam razılaşmayaraq bildirib ki, qlobal logistika sektoru sürətlə “yaşıl nəqliyyat” modelinə keçir və gələcəkdə karbon emissiyalarına görə əlavə ödənişlərin tətbiqi dəmir yolunun rəqabət qabiliyyətini daha da artıracaq.
Müzakirələrin yekununda tərəflər Orta Dəhlizin inkişafı üçün avtomobil və dəmir yolu nəqliyyatının rəqabət aparan deyil, bir-birini tamamlayan elementlər kimi inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.
Gülnar Nazimqızı
Mənbə: anews.az