ABŞ yəhudi təşkilatlarının rəhbərləri Əliyevi Müstəqillik Günü münasibətilə təbrik ediblər
ABŞ-də fəaliyyət göstərən Conference of Presidents of Major American Jewish Organizations təşkilatının sədri Betsy Berns Korn və baş icraçı direktoru William Daroff Azərbaycan Prezidenti Ilham Aliyeva Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıblar.
Məktubda müəlliflər Azərbaycan xalqını və dövlət başçısını 28 May - Müstəqillik Günü münasibətilə təbrik edərək, Azərbaycan Xalq Cümhuriyyətinin parlamentli idarəetmə, hüquq bərabərliyi və inklüzivlik prinsiplərinə əsaslanan irsini yüksək qiymətləndirdiklərini bildiriblər.
Təbrikdə qeyd olunub ki, 1918-ci ildə respublikanın ilk parlamentində yəhudi icmasının nümayəndəsinin təmsil olunması Azərbaycanda müxtəlif dini və etnik qruplar arasında birgəyaşayış və qarşılıqlı hörmət ənənələrinin göstəricisidir.
Məktub müəllifləri həmçinin bu ilin fevralında Azərbaycana etdikləri səfəri xatırladaraq, ölkədə müşahidə etdikləri dini tolerantlıq, mədəni müxtəliflik və qonaqpərvərliyin onlarda dərin təəssürat yaratdığını vurğulayıblar.
“Amerikalı yəhudi liderlərindən ibarət nümayəndə heyətimiz bu ilin fevralında Azərbaycana səfər etmək şərəfinə nail oldu və biz ölkənizi fərqləndirən şəffaflıq, plüralizm və qarşılıqlı hörmət dəyərlərinin şahidi olduq”, - məktubda deyilir.
Məktubun sonunda təşkilat rəhbərləri Azərbaycanın davamlı inkişafı, təhlükəsizliyi və rifahı ilə bağlı xoş arzularını ifadə edərək, gələcəkdə icmalar arasında dostluq və əməkdaşlığın daha da möhkəmləndirilməsinə ümid etdiklərini bildiriblər.
Mənbə: anews.az