Aİ Qarabağda kənd təsərrüfatı, səhiyyə və şəhər inkişafı layihələrini dəstəkləyir- Aİ nümayəndəsi
Avropa İttifaqı (Aİ) hazırda Azərbaycanda, xüsusilə də Qarabağda regional inkişaf, ətraf mühit və səhiyyə sahələrini əhatə edən bir sıra qrant layihələri həyata keçirir. Bunu Avropa İttifaqı (Aİ) Nümayəndəliyində Əməkdaşlıq Bölməsinin rəhbəri Viktor Bojkov Aİ–Azərbaycan tərəfdaşlığının 30 illiyi və Gəncədə həyata keçirilən layihələrə dair keçirilən media brifinqində deyib.
Onun sözlərinə görə, davam edən layihələrdən biri Qarabağda regional inkişaf və ekoloji məsələləri əhatə edir və Food and Agriculture Organization (FAO) tərəfindən icra olunur.
Bojkov bildirib ki, digər layihə isə World Health Organization (ÜST) ilə əməkdaşlıq çərçivəsində hazırlanır. Layihə Qarabağda səhiyyə dayanıqlığının gücləndirilməsi və ilkin tibbi xidmətlərin inkişafına yönəlib.
O, həmçinin Aİ-nin qrant layihələri sırasında “Mayors Covenant” (Merlərin Razılaşması) təşəbbüsünü qeyd edib. Layihədə Gəncə şəhəri də iştirak edir.
“Bu təşəbbüs çərçivəsində Azərbaycanın və Avropa ölkələrinin müxtəlif şəhərlərinin merləri bir araya gələrək şəhərsalma, yaşıl ekologiya, təhsil və şəhərlərin sakinlər üçün təqdim etdiyi digər xidmətlərlə bağlı təcrübə mübadiləsi aparırlar”, – deyə o vurğulayıb.
Onun sözlərinə görə, layihənin əsas məqsədi şəhərlərin inkişafı sahəsində qarşılıqlı öyrənmə və təcrübə paylaşımını təşviq etməkdir.
Aytac
Mənbə: anews.az