AIIB növbəti beş ildə kredit portfelini iki dəfə artırmağı planlaşdırır
Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) növbəti beş il ərzində kreditləşdirmə həcmini iki dəfə artırmağı planlaşdırır.
Bu barədə AIIB-nin vitse-prezidenti və korporativ katibi Sir Sherard Cowper-Coles çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, ötən il bankın kredit portfelinin 70 faizi yaşıl layihələrə yönəldilib. Hazırda AIIB-nin 111 üzvü var və Afrika ilə Latın Amerikasından bir sıra ölkələr banka qoşulmaq üçün müraciət edib.
Sir Sherard Cowper-Coles qeyd edib ki, AIIB-nin əsas məqsədi Asiyanın həm öz daxilində, həm də dünya ilə əlaqələrinin gücləndirilməsidir. O vurğulayıb ki, bu məqsədə nail olmaq üçün innovativ yanaşmaların tətbiqi, qarışıq maliyyələşdirmə mexanizmlərindən istifadə, özəl kapitalın səfərbər olunması və rəqəmsal maliyyə alətlərinin inkişafı vacibdir.
AIIB rəsmisinin sözlərinə görə, müasir dövrdə infrastruktur anlayışı yalnız yollar, limanlar və körpülərlə məhdudlaşmır. Rəqəmsal, səhiyyə və təhsil infrastrukturu da dayanıqlı inkişafın mühüm komponentləridir.
Sir Sherard Cowper-Coles bildirib ki, AIIB inkişaf layihələrinin həyata keçirilməsi istiqamətində Asiya İnkişaf Bankı, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və digər beynəlxalq tərəfdaşlarla əməkdaşlığı davam etdirir.
O əlavə edib ki, bank layihələrin bütün mərhələlərində texniki dəstəyin genişləndirilməsi, layihələrin hazırlanması prosesinin təkmilləşdirilməsi və icra mərhələsinə nəzarətin gücləndirilməsi istiqamətində fəaliyyətini artıracaq.
AIIB rəsmisi həmçinin iqtisadiyyat naziri ilə görüşdə kredit alan ölkələrlə uzunmüddətli və mütəmadi yenilənən layihələr portfelinin formalaşdırılması məsələsini müzakirə etdiyini qeyd edib.
Aytac Zeynalova
Mənbə: anews.az