Image

Azərbaycan halal aqrar istehsal üzrə regional mərkəz ola bilər - nazir

Azərbaycan halal aqrar istehsal və ixrac üzrə regional mərkəzə çevrilmək üçün geniş imkanlara malikdir. Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov  bildirib. Nazirin sözlərinə görə, qlobal halal ekosistemi artıq ənənəvi sərhədlərini aşaraq dəyəri 2 trilyon dollardan çox olan dayanıqlı inkişaf modelinə çevrilib. Məmmədov bildirib ki, Azərbaycan kənd təsərrüfatı investorları üçün coğrafi üstünlüklər, dövlət dəstəyi və yüksək artım potensialı təqdim edir.

Onun sözlərinə görə, ölkədə aqrar istehsal real ifadədə 37,8% artıb, balıqçılıq sektoru isə təxminən 2,7 dəfə genişlənib. Nazir qeyd edib ki, Azərbaycan meyvə, tərəvəz və yumurta kimi məhsullar üzrə özünütəminetməyə nail olub, ət və süd istehsalında isə müsbət dinamika müşahidə olunur. Onun sözlərinə görə, Azərbaycan fındıq istehsalına görə dünyada 4-cü, xurma ixracına görə 2-ci, şaftalı və nektarin ixracına görə isə 9-cu yerdədir. Ölkə həmçinin çiyələk, albalı, pomidor və pambıq lifi kimi məhsullar üzrə dünyanın aparıcı 20 ixracatçısı sırasındadır. Məmmədov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə təsdiqlənən 2026-2030-cu illər üzrə Dövlət Proqramı intensiv, yüksək texnologiyalı və ixracyönümlü kənd təsərrüfatı modelinin inkişafı üçün hüquqi və institusional baza yaradır. Nazir əlavə edib ki, Azərbaycan vahid halal sertifikatlaşdırma və rəqəmsal izlənmə platformasının yaradılmasını, yaşıl halal aqroparkların inkişafını, islam maliyyəsi və özəl kapitalı birləşdirən xüsusi halal maliyyə alətlərinin formalaşdırılmasını, həmçinin halal ixracın Orta Dəhlizlə əlaqələndirilməsini prioritet hesab edir.  

Aytac Zeynalova

Mənbə: anews.az

Xəbər lenti