Xarici daşınmaz əmlak alıcıları üçün uzunmüddətli vizalar verilə bilər - Cəlal Qasımov
Azərbaycan xarici daşınmaz əmlak alıcıları üçün daha uzunmüddətli vizalar tətbiq etməklə ölkəyə investisiya axınını artıra bilər. Bunu Paşa Holdinqin baş icraçı direktoru Cəlal Qasımov bildirib. Qasımov deyib ki, müasir daşınmaz əmlak layihələri yalnız mənzillər deyil, həm də restoranlar, kafelər, ticarət mərkəzləri və kommersiya sahələrini özündə birləşdirən həyat tərzi təqdim etməlidir.
Onun sözlərinə görə, belə layihələr tamamlandıqdan sonra əmlakın dəyəri artır və bu, həm investorların sərvətinin böyüməsinə, həm də iqtisadi fəallığın artmasına səbəb olur. Qasımov qeyd edib ki, sahibkarlar dəyəri yüksələn əmlakdan girov kimi istifadə edərək əlavə maliyyə resursları cəlb edə bilərlər. Fərdi alıcılar üçün isə daşınmaz əmlakın dəyərinin artması sərvətin çoxalması deməkdir ki, bu da istehlakın genişlənməsinə və iqtisadiyyata əlavə töhfə verir. Onun sözlərinə görə, beynəlxalq brendlərlə əlaqəli yaşayış layihələri xarici investorlar arasında daha çox maraq doğurur.
Bu istiqamətdə dövlət dəstəyinin də vacib olduğunu vurğulayan Qasımov, xarici alıcılar üçün uzunmüddətli viza mexanizmlərinin tətbiqini təklif edib. "Dubayda olduğu kimi, daşınmaz əmlak alan xarici vətəndaşlara uzunmüddətli yaşayış və ya giriş vizalarının verilməsi investisiya cəlbediciliyini artıra bilər. Bundan əlavə, mənzillərin könüllü dövlət qeydiyyatı sisteminin yaradılması investorların mülkiyyət hüquqlarını daha rahat təsdiqləməsinə və əmlakdan bank sektorunda girov kimi istifadə etməsinə imkan verə bilər", - Qasımov əlavə edib. Paşa Holding. rəhbəri hesab edir ki, bu cür addımlar xarici kapitalın cəlb olunmasına, daşınmaz əmlak bazarının inkişafına və bütövlükdə iqtisadiyyata müsbət təsir göstərə bilər. N.Təbrizli
Mənbə: anews.az