Image

Orta Dəhlizin inkişafı üçün 28 milyard dollar tələb olunur

Orta Dəhlizin tam işləməsi üçün növbəti 3 il ərzində təxminən 28 milyard ABŞ dolları həcmində investisiyaya ehtiyac var. Hazırda daşımaların müddəti əvvəlki təxminən 30 gündən 18 günə qədər azalsa da, bu göstərici hələ də yüksək hesab olunur.

Bu barədə Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) baş direktoru Xiaohong Yang Bakıda keçirilən İslam İnkişaf Bankının İllik Toplantıları çərçivəsində təşkil olunan “Dayanıqlı nəqliyyat və ticarət üçün Orta Dəhlizin maliyyələşdirilməsi” adlı sessiyada bildirib.

Onun sözlərinə görə, Orta Dəhliz üzrə birinci prioritet maliyyələşdirilə bilən (“bankable”) layihələrin həyata keçirilməsidir.

“Orta Dəhliz üçün növbəti 3 ildə təxminən 28 milyard ABŞ dollarına ehtiyac var. Buna görə də infrastruktur hələ də bir nömrəli prioritetdir”, –  AIIB rəsmisi vurğulayıb.

Xiaohong Yang qeyd edib ki, ikinci əsas prioritet əməliyyat səmərəliliyinin artırılmasıdır. Onun fikrincə, Orta Dəhlizin investorlar və yükdaşıyıcılar üçün cəlbedici olması üçün marşrutun etibarlı və proqnozlaşdırıla bilən olması vacibdir.

AIIB nümayəndəsi bildirib ki, dəhlizin effektiv fəaliyyəti üçün yalnız yol və dəmir yolu layihələri kifayət deyil. Buraya gəmilər, donanmalar, limanlar, hava limanları, əməliyyat sistemləri və rəqəmsal platformalar da daxildir.

“Orta Dəhlizin əsas xüsusiyyəti multimodal olmasıdır. Buna görə də təkcə bir infrastruktur növünün deyil, bütün sistemlərin və operatorların birlikdə işləməsi vacibdir”, – deyə o əlavə edib.

Xiaohong Yang Azərbaycanda həyata keçirilən modernləşmə proseslərini də yüksək qiymətləndirib. O bildirib ki, son günlər ərzində dövlət qurumları və dövlət müəssisələri ilə keçirdiyi görüşlər zamanı əməliyyat səmərəliliyinin, etibarlılığın və proqnozlaşdırıla bilənliyin artırılması istiqamətində görülən işlərdən təsirlənib.  

Aytac Zeynalova

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb