Peşəkar jurnalistikanın gücləndirilməsi zəruridir - deputat
Media sahəsində nəzərdə tutulan dəyişikliklərin yalnız tənzimləmə ilə məhdudlaşmamalı, eyni zamanda keyfiyyətli məzmun istehsalının təşviqinə yönəlməlidir. Bunu Milli Məclisdə çıxışı zamanı deputat Elçin Mirzəbəyli deyib.
Deputatın sözlərinə görə, yeni idarəetmə mexanizmləri çərçivəsində media subyektlərinin fəaliyyəti ilə yanaşı, ictimai maraqları əks etdirən layihələrin dəstəklənməsinə xüsusi diqqət yetirilməlidir.
“Media subyektləri ilə əməkdaşlıq çərçivəsində ictimai maraq doğuran yazıların və məzmun layihələrinin hazırlanmasına dəstək göstərilməli, bir neçə ay və ya bir il davam edən layihələrin həyata keçirilməsi ilə mediada məzmun keyfiyyətinin artırılmasına töhfə verilməlidir”, - deputat deyib.
Elçin Mirzəbəyli qeyd edib ki, texnologiyaların sürətli inkişafı və rəqəmsallaşma nəticəsində media sahəsində ənənəvi sərhədlər aradan qalxır, informasiya mühiti daha geniş və mürəkkəb xarakter alır.
Onun sözlərinə görə, bu şəraitdə jurnalistikanın klassik prinsiplərinin və peşəkar standartlarının qorunması xüsusi əhəmiyyət daşıyır.
“Texnologiyalar inkişaf etdikcə sərhədlər itir və informasiya məkanı genişlənir. Belə bir dövrdə öz klassik mahiyyətini, peşəkarlığını və yaradıcı potensialını qoruyan jurnalistikanın inkişaf etdirilməsi vacibdir”, – deputat bildirib.
Mirzəbəyli vurğulayıb ki, media mühitində peşəkar məsuliyyət, etik davranış qaydalarına əməl olunması və ictimai maraqların qorunması əsas prioritetlərdən biri olmalıdır.
“Peşəkar, məsuliyyətli, ictimai maraqları müdafiə edən və etik normalara riayət edən jurnalistikanın inkişafı zəruridir”, – deputat əlavə edib.
Gülnar Nazimqızı
Mənbə: anews.az