İran və ABŞ arasında danışıqlar vasitəçilər xətti ilə davam edir - Yenilənib
İsveçrədə İran və ABŞ nümayəndə heyətləri arasında danışıqlar vasitəçilərin iştirakı ilə qeyri-rəsmi formatda davam edir.Bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Bildirilib ki, İran nümayəndə heyəti otelə qayıtsa da, tərəflər arasında təmaslar vasitəçilər üzərindən davam etdirilir.
Məlumata əsasən, daha əvvəl İran tərəfinin ABŞ Prezidenti Donald Trampın İrana qarşı mümkün hərbi zərbələrlə bağlı hədələrinə görə rəsmi müzakirələri dayandırdığı bildirilmişdi.
Eyni zamanda, Trampın İranın Hörmüz boğazı ilə bağlı addımları və Livandakı proksi qüvvələrin fəaliyyətinə son qoyulmaması halında yeni hərbi zərbələrə işarə etdiyi qeyd olunur.
Bundan sonra İran nümayəndə heyətinin danışıqlar məkanını tərk etdiyi, lakin prosesin tam dayandırılmayaraq vasitəçilər xətti ilə davam etdiyi bildirilir.
***
İsveçrədə ABŞ və İran arasında aparılan danışıqlar İran nümayəndə heyətinin Donald Trampın açıqlamalarına etiraz olaraq görüş yerini tərk etməsindən sonra dayandırılıb.Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Agentlik danışıqlar qrupuna yaxın mənbəyə istinadən qeyd edib ki, hazırda prosesin gələcək taleyi qeyri-müəyyəndir.
“Al Hadath” telekanalı isə İranın ABŞ-dən qarşılıqlı təhdidlərin yolverilməzliyini nəzərdə tutan memorandumun icrasını tələb etdiyini yazıb.
ABŞ Prezidenti Donald Tramp daha əvvəl bildirib ki, Tehran Hörmüz boğazını açmasa və regiondakı müttəfiq qüvvələrin fəaliyyətini məhdudlaşdırmasa, İrana qarşı “sərt addımlar” atılacaq.
İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf isə sosial şəbəkə paylaşımında ölkənin silahlı qüvvələrinin bütün təhdidlərə cavab verməyə hazır olduğunu vurğulayıb.
***
ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazını yenidən bağlayacağı və Livandakı müttəfiq qruplaşmaların fəaliyyətini dayandırmayacağı təqdirdə Tehrana qarşı daha güclü hərbi tədbirlərin görülə biləcəyini bildirib.
Tramp bu barədə "Fox News"a müsahibəsində və "Truth Social" hesabında yazıb.
"Əgər İran Hörmüz boğazını bağlasa, onları yerlə yeksan edəcəyəm", - ABŞ prezidenti bildirib.
Onun sözlərinə görə, şənbə günü boğazdan təxminən 19 milyon barel neft keçib. Tramp ABŞ-ın marşruta nəzarət edə biləcəyini və gələcəkdə müəyyən rüsumlar tətbiq etməsinin mümkün olduğunu deyib.
ABŞ prezidenti həmçinin İranı Livandakı proksi qüvvələrinin, o cümlədən "Hizbullah"ın fəaliyyətini dayandırmağa çağırıb və əks halda Vaşinqtonun Tehrana qarşı yeni zərbələr endirə biləcəyini bildirib.
Tramp əlavə edib ki, ABŞ və İran arasında əldə olunmuş memorandum çərçivəsində nəzərdə tutulan 60 günlük atəşkəs və danışıqlar müddəti başa çatdıqdan sonra Vaşinqtonun əlavə addımlar atmaq imkanları olacaq.
***
İsveçrədə ABŞ və İran arasında Qətər və Pakistanın vasitəçiliyi ilə danışıqlar başlayıb. Bu barədə Qətər Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin bəyanatına görə, ABŞ, İran, Qətər və Pakistan nümayəndələrinin iştirakı ilə yüksək səviyyəli komitənin ilk iclası keçirilib.
Rəsmi Doha bildirib ki, görüşlərin ABŞ və İran arasında əldə edilmiş anlaşma memorandumunun bütün müddəalarını əhatə edən hərtərəfli və davamlı razılaşmaya töhfə verəcəyi gözlənilir.
Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari deyib ki, tərəflər yekun razılaşmanın detallarını müzakirə etmək üçün ixtisaslaşmış texniki işçi qrupları yaradıblar.
Onun sözlərinə görə, bu addım tərəflərin danışıqlar prosesini xoşməramlı şəkildə irəli aparmaq niyyətini nümayiş etdirir.
Əl-Ənsari həmçinin Pakistanın vasitəçi rolunu, Vaşinqton və Tehranın diplomatik həllə sadiqliyini, eləcə də Misir, BƏƏ, Səudiyyə Ərəbistanı və Türkiyənin danışıqlar prosesinə dəstəyini yüksək qiymətləndirib.
***
İran, ABŞ və Qətər nümayəndələri arasında üçtərəfli görüş başlayıb.Bu barədə İranın IRIB dövlət televiziyası məlumat yayıb.
Məlumata görə, tərəflər Livanda atəşkəsin təmin edilməsi və İranın dondurulmuş aktivlərinin blokdan çıxarılması məsələlərini müzakirə edirlər.
İsveçrənin Bürgenstok kurortunda keçirilən danışıqlarda İran nümayəndə heyəti memorandumun beş bəndinin icrasına nail olmağa çalışır. Sənədin qalan üç bəndi ilə bağlı isə məlumat açıqlanmayıb.
İran daha əvvəl bəyan etmişdi ki, Livanda atəşkəs təmin olunmayana qədər ABŞ ilə sanksiyalar və nüvə proqramına dair yeni danışıqlara başlamayacaq.
Mənbə: anews.az