Avropa Şurasının Bakı ofisinin rəhbəri Petr Zix XİN-ə çağırılıb
Avropa Şurasının Bakı ofisinin rəhbəri Petr Zix Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin iyunun 18-də Azərbaycana qarşı qəbul etdiyi qərarla bağlı etiraz bildirilib. Bu barədə XİN məlumat yayıb.
Nazirliyin məlumatına görə, görüşdə məhkəmənin qərarı "ədalətsiz, qərəzli və beynəlxalq hüququn müddəalarına zidd" kimi qiymətləndirilib.
XİN bildirib ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 2016-cı ildə "Çıraqov və digərləri Ermənistana qarşı" işi üzrə qərarında Azərbaycan ərazilərinin Ermənistanın faktiki nəzarəti altında olduğu təsbit edildiyi halda, son qərarda həmin ərazilərin "DQR" kimi təqdim edilməsi beynəlxalq hüquqa və məhkəmə prosedurlarına ziddir.
Azərbaycan tərəfi həmçinin qərarda "Azərbaycanla DQR arasında təmas xətti", eləcə də keçmiş separatçı qurumun ordusu və digər təsisatlarına istinadların ölkənin suverenliyi və ərazi bütövlüyü ilə ziddiyyət təşkil etdiyini və qondarma rejimi legitimləşdirmək cəhdi olduğunu bildirib.
XİN qeyd edib ki, Azərbaycan məhkəmənin qərarını qəti şəkildə rədd edir və öz qanuni maraqlarını qorumaq üçün bütün mümkün vasitələri nəzərdən keçirəcək.
Mənbə: anews.az