Azərbaycan və Türkmənistan XİN başçıları ikitərəfli əlaqələri müzakirə edib
22 iyun tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov arasında görüş keçirilib.Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı tərəflər yüksək səviyyəli qarşılıqlı səfərlərin və siyasi dialoqun ikitərəfli əməkdaşlığın genişlənməsində mühüm rol oynadığını bildirib,ticarət, enerji, nəqliyyat-tranzit, logistika, gəmiçilik, humanitar və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib, regional bağlantıların gücləndirilməsi və Orta Dəhlizin potensialından daha səmərəli istifadənin əhəmiyyətini vurğulayıblar.
Nazirlər həmçinin BMT və digər beynəlxalq platformalar çərçivəsində əməkdaşlıq məsələlərini nəzərdən keçirərək qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyini qeyd ediblər. Görüş zamanı regional və beynəlxalq gündəmdə olan digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Tərəflər Azərbaycan-Türkmənistan münasibətlərinin qarşılıqlı fayda və strateji tərəfdaşlıq əsasında inkişaf etdirilməsi istiqamətində birgə səyləri davam etdirmək niyyətlərini təsdiqləyiblər.
Mənbə: anews.az