Image

ABŞ İran neft əməliyyatlarına 60 günlük icazə verib

ABŞ İranla aparılan danışıqlar çərçivəsində Tehranın neft ixracına tətbiq olunan məhdudiyyətləri qismən yumşaldaraq İran nefti, neft məhsulları və neft-kimya məhsullarının istehsalı, daşınması və satışına icazə verən 60 günlük müvəqqəti lisenziya verib.

ABŞ-ın maliyyə naziri Skott Besant bazar ertəsi bildirib ki, İsveçrədə davam edən danışıqlar çərçivəsində İran Hörmüz boğazında sərbəst və maneəsiz gəmiçiliyin təmin olunmasına və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) müfəttişlərinin ölkəyə daxil olmasına razılıq verib. ABŞ Maliyyə Nazirliyinin yaydığı ümumi lisenziya 21 avqust 2026-cı ilədək qüvvədə olacaq və İran mənşəli xam neft, neft məhsulları və neft-kimya məhsullarının istehsalı, satışı, daşınması və boşaldılması ilə bağlı əməliyyatları əhatə edir.

Sənəd həmçinin bu əməliyyatlarla əlaqədar bank, sığorta və nəqliyyat xidmətlərinə də icazə verir. Qərar Vaşinqton və Tehran arasında İsveçrədə keçirilən danışıqlar fonunda qəbul edilib. ABŞ rəsmiləri bildirirlər ki, tərəflər yekun razılaşma istiqamətində texniki məsləhətləşmələri davam etdirəcəklər.

İran tərəfi isə bəzi Qərb rəsmilərinin danışıqlar zamanı nüvə proqramı ilə bağlı yeni öhdəliklərin götürüldüyünə dair açıqlamalarını təkzib edib.

Xəbərdən sonra dünya bazarlarında neft qiymətləri aşağı düşüb. Analitiklər İran neftinin qlobal bazara qayıtmasının təklifi artıraraq qiymətlərə təzyiq göstərə biləcəyini bildirirlər.

Gülnar

Mənbə: anews.az

Xəbər lenti

Litva hökuməti istefa verib

"Brent" neft ucuzlaşıb