AMB icbari sığorta növləri üzrə sığorta məbləğlərinin yenilənməsini nəzərdən keçirir
Azərbaycanda bəzi icbari sığorta növləri üzrə sığorta təminatlarının artırılması məsələsi müzakirə olunur. Bu barədə Azərbaycan Mərkəzi Bankının baş direktoru Vüsal Qurbanov Bakıda keçirilən Beynəlxalq Sığorta Forumu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, hazırda hazırlanan yeni konsepsiyada bədbəxt hadisələrdən icbari fərdi sığorta üzrə mövcud sığorta məbləğlərinin yenidən qiymətləndirilməsi imkanları araşdırılır.
Vüsal Qurbanov qeyd edib ki, Mərkəzi Bank bu istiqamətdə beynəlxalq təcrübəni təhlil edir və dəyişikliklərin konseptual sənədə daxil edilməsini nəzərdən keçirir. O əlavə edib ki, nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə bağlı normativ-hüquqi bazada da müəyyən yeniliklər planlaşdırılır.
AMB rəsmisi xatırladıb ki, hazırda üçüncü şəxslərin əmlakına vurulan zərərə görə ödəniş limiti 5 min manatdır. Bu sığorta növünün əsas xüsusiyyəti isə həmin məbləğin avtomatik bərpa olunmasıdır.
Onun sözlərinə görə, sığorta şirkəti 5 min manatlıq ödəniş etdikdən sonra sığorta təminatı bitmiş hesab olunmur və limit yenidən əvvəlki məbləğdə qüvvəyə minir.
Vüsal Qurbanov vurğulayıb ki, bu yanaşma əksər digər sığorta növlərindən fərqlənir. Belə ki, adətən ödənilən vəsait qədər sığorta məbləği azalır, lakin sözügedən icbari sığorta növündə fərqli mexanizm tətbiq edilir və limit avtomatik şəkildə bərpa olunur.
Aytac
Mənbə: anews.az