İran ABŞ və İsrailin məqsədlərinə nail ola bilmədiyini bildirib
ABŞ və İsrail İrana qarşı 40 gün davam edən müharibədə məqsədlərinə nail ola bilməyib və İslamabad razılaşması “ABŞ-ın məğlubiyyət bəyannaməsi”dir. Bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib.
Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının konfransında çıxış edən Qalibaf deyib ki, müharibə regionda strateji balansı dəyişdirmək və İrana öz iradəsini qəbul etdirmək cəhdi olub.
Onun sözlərinə görə, İran silahlı qüvvələrinin müqaviməti və əhalinin dəstəyi rəqibləri məqsədlərindən geri çəkilməyə və danışıqlara məcbur edib.
“İslamabad memorandumu ABŞ-ın məğlubiyyətinin bəyannaməsinə çevrildi”, - Qalibaf deyib.
O bildirib ki, İran qarşılıqlı hörmətə, dövlətlərin hüquqlarına və bərabərliyə əsaslanan sülhün tərəfdarıdır və regionun təhlükəsizliyi region ölkələri tərəfindən təmin edilməlidir.
Qalibaf həmçinin Fələstin xalqına dəstəyini ifadə edərək, Yaxın Şərqdə davamlı təhlükəsizliyin Fələstin məsələsinin ədalətli həlli olmadan mümkün olmadığını bildirib.
N.Təbrizli
Mənbə: anews.az