Image

Türkiyə sığorta bazarı 5 ayda 14 milyard dollara çatıb

2026-cı ilin  beş ayında Türkiyə sığorta sektorunda 622 milyard lirə və ya təxminən 14 milyard ABŞ dolları həcmində sığorta haqqı toplanıb.

Bu barədə Türkiyə Sığorta Birliyinin sədri Əhməd Yaşar Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda (AIIF 2026) bildirib.

Onun sözlərinə görə, 2025-ci ildə ölkənin sığorta bazarında ümumilikdə 1,2 trilyon lirə və ya 31-32 milyard ABŞ dolları həcmində sığorta haqqı yığılıb. Həmin dövrdə aktiv sığortalıların sayı 34,7 milyon nəfərə çatıb.

Əhməd Yaşar qeyd edib ki, 2026-cı ilin birinci rübünün yekunlarına əsasən, sektorun aktivləri 4,2 trilyon lirə və ya təxminən 100 milyard ABŞ dolları təşkil edib. Sığorta sektorunun xüsusi kapitalı isə 11 milyard ABŞ dollarına yaxın olub.

Sədrin sözlərinə görə, Türkiyə sığorta sektoru üçün əsas məqsəd ölkənin qlobal iqtisadiyyatda tutduğu mövqeyə uyğun inkişaf səviyyəsinə nail olmaqdır.

“Türkiyə dünyanın 16-17-ci böyük iqtisadiyyatları sırasında yer alır. Məqsədimiz sığorta sektorunu da ən azı bu səviyyəyə çatdırmaqdır”, –  o vurğulayıb.

O bildirib ki, 2030-cu il üçün iki əsas hədəf müəyyənləşdirilib. Bunlardan biri sığorta haqlarının həcmini 50 milyard ABŞ dollarına çatdırmaq, digəri isə hazırda 2,68 % olan sığorta penetrasiyası göstəricisini 5 %-ə yüksəltməkdir.

Əhməd Yaşarın sözlərinə görə, məqsəd yalnız bazarın həcmini artırmaq deyil, daha çox insanı və müəssisəni sığorta təminatı ilə əhatə etmək, iqtisadi dəyərlərin davamlılığını gücləndirmək və qorunma boşluqlarını azaltmaqdır.  

Aytac

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb