Atilla Oksay: Türkiyədə səhiyyə xərclərinin 76 %-i dövlət tərəfindən qarşılanır
Türkiyədə səhiyyə xərclərinin təxminən 76 %-i dövlət tərəfindən qarşılanır, 18 %-i isə vətəndaşların öz vəsaitləri hesabına ödənilir.
Bunu Türkiyə Sığorta Birliyinin Baş katibinin müavini Atilla Oksay Bakıda keçirilən Azərbaycan Beynəlxalq Sığorta Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, sağlamlıq sığortaları təkcə vətəndaşların maliyyə müdafiəsi baxımından deyil, həm də səhiyyə xərclərinin maliyyələşdirilməsində dövlətin yükünün azaldılması baxımından mühüm əhəmiyyət daşıyır.
A.Oksay bildirib ki, Türkiyə sığorta sektoru sağlamlıq sığortaları sahəsində hələ də böyük inkişaf potensialı görür.
O qeyd edib ki, bank sığortaçılığı modeli sığorta şirkətlərinə daha geniş müştəri kütləsinə çıxış imkanı yaradır. Bankların müştərilərlə uzunmüddətli münasibətləri və onların ehtiyaclarını daha yaxşı tanıması sığorta məhsullarının daha düzgün formalaşdırılmasına şərait yaradır.
Baş katibin müavini əlavə edib ki, bankların filial şəbəkəsi, mobil bankçılıq və rəqəmsal platformaları sığorta şirkətlərinin əməliyyat səmərəliliyini artırır, eyni zamanda müştərilərin sığorta məhsullarına daha rahat çıxışını təmin edir.
Oksayın sözlərinə görə, bank sığortaçılığı modelinin uğurlu və davamlı inkişafı üçün müştəri təcrübəsinin effektiv idarə olunması əsas şərtlərdən biridir.
Aytac
Mənbə: anews.az