SEPAH ABŞ-yə Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin son hücumlarına cavab olaraq Küveyt və Bəhreyndəki ABŞ hərbi obyektlərinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini bəyan edib.Bu barədə SEPAH-ın "Telegram" kanalında məlumat yayılıb.
Məlumatda bazar günü gecə saat 02:00-03:00 arasında həyata keçirilən əməliyyat zamanı Küveytdəki Əli əs-Salim aviabazası və Bəhreyndəki Salman limanında yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasına məxsus səkkiz mühüm obyektin hədəfə alındığı iddia olunur.
Bəyanatda həmçinin qeyd olunub ki, ABŞ əldə edilmiş razılaşmaları pozur və Hörmüz boğazına nəzarət məsələsini bəhanə edərək hücumlar həyata keçirir.
SEPAH bildirib ki, "İslamabad memorandumu"na əsasən, Hörmüz boğazından keçidə nəzarət İranın səlahiyyətindədir və qaydaları pozan gəmilərə qarşı bundan sonra daha sərt tədbirlər görüləcək. Qurum əlavə edib ki, İrana qarşı istənilən yeni hücum "sarsıdıcı cavab" alacaq.
SEPAH-ın məlumatına görə, atəşkəsin pozulması memorandumun birinci bəndinə ziddir və bu, bütün proseslərin tam dayanmasına səbəb ola bilər.
Bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı İrandakı hərbi hədəflərə yeni zərbələr endirdiyini açıqlayıb. İran tərəfi isə buna cavab olaraq ABŞ hərbi obyektlərinə raket və PUA hücumları həyata keçirdiyini bəyan edib.
Mənbə: anews.az