Image

ÜST rəhbəri Avropadakı istilərlə bağlı xəbərdarlıq edib

Hazırda Avropada 150 milyon insan həddindən artıq isti şəraitdə yaşayır, yüzlərlə insan ölüb, təhsil müəssisələri bağlanıb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, Avropa digər qitələrlə müqayisədə iki dəfə daha sürətlə istiləşir.

"İqlim dəyişikliyi və qlobal istiləşmə səbəbindən əvvəllər bir nəsildə bir dəfə baş verən istilik dalğaları indi demək olar ki, hər il baş verir. Bizə xəbərdarlıq edilmişdi",- deyə Qebreyesus bildirib.

ÜST rəhbəri qeyd edib ki, iyunun 21-dən bəri qitədə yüksək temperaturla əlaqəli 1 300-dən çox əlavə ölüm halı qeydə alınıb.Təşkilat ekstremal istilərin yaratdığı sağlamlıq risklərinin azaldılması üçün üzv dövlətlər və tərəfdaşlarla birlikdə hazırlıq, profilaktika və səhiyyə sistemlərinin dayanıqlığının gücləndirilməsi istiqamətində işləyir.

Mənbə: anews.az

Xəbər lenti