Image

İnsana yenidən diş çıxaran preparat hazırlanıb

Yaponiyalı tədqiqatçılar insanlarda yeni dişlərin çıxmasını stimullaşdırmağı hədəfləyən eksperimental preparatın ilkin klinik sınaqlarını uğurla başa çatdırıblar. Preparatı hazırlayan Toregem BioPharma şirkəti onu 2030-cu ilə qədər bazara çıxarmağı planlaşdırır.

Şirkətin məlumatına görə, preparat ilk növbədə anadangəlmə diş çatışmazlığından əziyyət çəkən xəstələrin müalicəsi üçün hazırlanıb. Gələcəkdə isə onun travma, diş çürüməsi və digər səbəblərlə dişlərini itirmiş şəxslərin müalicəsində də istifadə olunması nəzərdə tutulur.

Preparat Kioto Universiteti ilə əlaqəli Kitano Tibb Tədqiqat İnstitutunun alimləri tərəfindən hazırlanıb. Araşdırma insan orqanizmində yeni dişlərin inkişafını məhdudlaşdıran zülalın müəyyən edilməsinə əsaslanır.

Tədqiqatçılar bildirirlər ki, TRG-035 adlı preparat həmin zülalın fəaliyyətini bloklayan neytrallaşdırıcı anticisimdir. Bunun nəticəsində çənədə mövcud olan, lakin inkişaf etməyən "yatmış" diş toxumalarının aktivləşməsi və yeni dişlərin formalaşması mümkün ola bilər.

Preparat siçanlar və gəlinciklər (ferretlər) üzərində aparılan sınaqlarda yeni dişlərin yaranmasını təmin edib.

İnsanlar üzərində I faza klinik sınaqları 2024-cü ilin sentyabrında başlayıb. Sınaqlarda yaşı 30-65 arasında olan və ən azı bir azı dişi olmayan 30 sağlam kişi iştirak edib. Tədqiqatın əsas məqsədi preparatın təhlükəsizliyini qiymətləndirmək olub və ilkin nəticələrə əsasən, ciddi əlavə təsirlər qeydə alınmayıb.

Növbəti mərhələdə preparat anadangəlmə anodontiya diaqnozu qoyulmuş, yaşı 2-7 arasında olan uşaqlar üzərində sınaqdan keçiriləcək. Bu xəstəlik daimi dişlərin əhəmiyyətli hissəsinin ümumiyyətlə inkişaf etməməsi ilə xarakterizə olunur.

Yeni dişlərin təbii yolla bərpası uzun illərdir regenerativ təbabətin əsas istiqamətlərindən biri hesab olunur. Hazırda diş itkisi zamanı əsas müalicə üsulları implantlar, protezlər və körpü konstruksiyalarıdır. Yapon alimlərinin hazırladığı preparat uğurlu olacağı təqdirdə, insan orqanizminin öz hesabına yeni diş formalaşdırmasına imkan verən ilk müalicə üsullarından biri ola bilər.

Bununla belə, preparatın effektivliyi hələ tam sübuta yetirilməyib. I faza sınaqları əsasən təhlükəsizliyin qiymətləndirilməsinə yönəlib və nəticələr hələ nüfuzlu elmi jurnallarda dərc olunmayıb. Mütəxəssislər qeyd edirlər ki, preparatın tam funksional dişlərin formalaşmasını, onların düzgün çıxmasını və sinir-damar sistemi ilə inteqrasiyasını təmin edib-etmədiyini müəyyən etmək üçün daha geniş klinik tədqiqatlara ehtiyac var.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti

Bu ərazidə işıq olmayacaq