Azərbaycan beynəlxalq ölçmə standartlarına yaxınlaşır - deputat
Azərbaycanın Metrik Konvensiyasına qoşulması ölkəyə beynəlxalq ölçmə standartlarının formalaşdırılmasında iştirak etmək və qlobal metrologiya sisteminə daha fəal inteqrasiya imkanı verəcək. Bunu Milli Məclisdə qanunun təqdimatı zamanı deputat Zaur Şükürov bildirib.
Deputatın sözlərinə görə, Metrik Konvensiyası 1875-ci ildə qəbul edilib və 1876-cı il yanvarın 1-də qüvvəyə minib. Sənəd ilk mərhələdə 17 dövlət tərəfindən imzalanıb. Hazırda isə 67 ölkə Konvensiyanın tamhüquqlu tərəfidir və bu dövlətlərdə dünya əhalisinin təxminən 10 faizi yaşayır. Bundan əlavə, 96 ölkə və iqtisadi birlik assosiativ üzv statusuna malikdir.
Zaur Şükürov qeyd edib ki, MDB məkanında Qazaxıstan, Rusiya, Belarus və Ukrayna Konvensiyanın tərəf dövlətləridir.
Onun sözlərinə görə, Konvensiya beynəlxalq elmi, sənaye, mühəndislik və ticarət fəaliyyətində vahid ölçü standartlarının tətbiqini təmin edir və bu məqsədlə üç əsas beynəlxalq qurumun fəaliyyətini tənzimləyir. Bunlar Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro (BIPM), Çəkilər və Ölçülər üzrə Beynəlxalq Komitə (CIPM) və Çəkilər və Ölçülər üzrə Baş Konfrans (CGPM)dır.
Deputat bildirib ki, Azərbaycanın Konvensiyaya qoşulması ölkəyə hər dörd ildən bir keçirilən Baş Konfransın iclaslarında iştirak və səsvermə hüququ qazandıracaq, Beynəlxalq Komitəyə namizədlər irəli sürmək, texniki komitələrin fəaliyyətində iştirak etmək, BIPM laboratoriyalarının xidmətlərindən istifadə etmək və beynəlxalq ölçmə standartlarının hazırlanmasına töhfə vermək imkanı yaradacaq.
Metrik Konvensiyası ölçmə vahidlərinin beynəlxalq səviyyədə vahid tətbiqini təmin edən əsas hökumətlərarası saziş hesab olunur. Konvensiya çərçivəsində fəaliyyət göstərən BIPM-in qərargahı Fransanın paytaxtı Parisdə yerləşir və təşkilat dünya üzrə ölçmə standartlarının saxlanılması, inkişafı və uyğunlaşdırılması üzrə fəaliyyət göstərir. Azərbaycanın Konvensiyaya qoşulması ölkənin beynəlxalq metrologiya sisteminə inteqrasiyasını və ölçmə sahəsində beynəlxalq əməkdaşlığını genişləndirməyi hədəfləyir.
Gülnar Nazimqızı
Mənbə: anews.az