SOCAR BTC neft kəmərinin operatorluğunu BP-dən təhvil aldı
SOCAR iyulun 1-dən etibarən Bakı–Tbilisi–Ceyhan (BTC) əsas ixrac neft kəmərinin operatoru olub və bu funksiyanı 20 ildən artıq müddətdə həyata keçirən BP-ni əvəz edib.
BTC Co şirkətinin məlumatına görə, Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərində yerləşən BTC kəmərinin operatorluğu SOCAR-ın tam mülkiyyətində olan SOCAR Midstream Operations (SMO) şirkətinə verilib.
Transfer həmçinin BTC və Cənubi Qafqaz Boru Kəməri (CQBK) sistemləri üzrə birgə fəaliyyətlərin idarə edilməsini əhatə edir. Səngəçal terminalının operatoru isə dəyişməyərək BP olaraq qalır.
BP-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli bildirib ki, şirkət kəmərin tikintisi və istismarındakı rolundan qürur duyur və SOCAR-ın təhlükəsizlik və əməliyyat mükəmməlliyi üzrə yüksək standartları qoruyacağına inanır.
SOCAR prezidenti Rövşən Nəcəf operatorluğun ötürülməsini şirkətin strateji enerji infrastrukturunun idarə edilməsində artan təcrübəsini əks etdirən mühüm mərhələ adlandırıb.
Uzunluğu 1 768 kilometr olan BTC kəmərinin gündəlik ötürmə gücü 1 milyon barel neft təşkil edir. İstismara verildiyi vaxtdan indiyədək kəmərlə dünya bazarlarına 4,7 milyard bareldən çox neft nəql edilib.
N.Təbrizli
Mənbə: anews.az