Image

Mətbuat Şurası Rusiya mediasında yayılan təhqiramiz materialları qətiyyətlə pisləyib

Azərbaycan Mətbuat Şurası bəzi Rusiya kütləvi informasiya vasitələrində Azərbaycan dövlətinə, xalqına, ölkə rəhbərliyinə və görkəmli şəxsiyyətlərinə qarşı yönəlmiş təhqiramiz, qeyri-etik və təhdid xarakterli materialların yayılması ilə bağlı bəyanat yayıb.

Bəyanatda qeyd olunur ki, bu cür hallar sivil jurnalistikanın prinsiplərinə, peşə etikasına, ümumbəşəri dəyərlərə, həmçinin Azərbaycan ilə Rusiya arasındakı ikitərəfli əlaqələrin və media əməkdaşlığının ruhuna kökündən ziddir. Şura Azərbaycan mediasının qonşu dövlətlərlə, o cümlədən Rusiya ilə bağlı məsələlərdə daim həssas və peşəkar mövqe nümayiş etdirdiyini xatırladıb.

Qurum vurğulayıb ki, Rusiya informasiya məkanının sərt qanunvericiliklə tənzimləndiyi bir şəraitdə bu cür təxribat xarakterli materialların mütəmadi xarakter alması onların dövlət siyasəti səviyyəsində dəstəkləndiyi təəssüratını yaradır. Mətbuat Şurası Rusiya media ictimaiyyətini və ictimai institutlarını xalqlar arasındakı dostluq münasibətlərinə xələl gətirən bu hallara qarşı ciddi tədbirlər görməyə çağırıb və bu cür çıxışlara yol verənlərin hüquqi məsuliyyət daşıdıqlarını bir daha diqqətə çatdırıb.

N.Təbrizli

 

Mənbə: anews.az

Xəbər lenti