İran Hörmüz boğazı ilə bağlı şərtlərini açıqlayıb
İran Hörmüz boğazı ilə bağlı mövqeyini və şərtlərini vasitəçi kimi çıxış edən Pakistana çatdırıb.Bu barədə məlumatlı mənbə "Tasnim"ə bildirib.
Mənbənin sözlərinə görə, avqustun 24-də Tehrana səfər edən Pakistan ordusunun komandanı, feldmarşal Asim Munir ABŞ tərəfindən heç bir təhdid və ya buna bənzər mesaj gətirməyib.
"Əksinə, o, danışıqlar üçün imkan yaratmağa çalışır", - mənbə bildirib.
Mənbə qeyd edib ki, görüşlər zamanı İranın mövqeyi və şərtləri Pakistan tərəfinə açıq şəkildə çatdırılıb.
"Şərtlərimizə ABŞ-nin İslamabad Anlaşma Memorandumuna qayıtması və onun Hörmüz boğazında İranın tənzimləmələrini nəzərdə tutan 5-ci bəndinin icrası daxildir. Bu məsələ Pakistana çatdırılıb. Pakistan tərəfi bunu ABŞ-yə çatdırmağa çalışır", - mənbə deyib.
Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqların bərpası və Hörmüz boğazının açılması məsələsi də müzakirə olunur. Pakistanın daxili işlər naziri Möhsin Naqvi danışıqlarda "əhəmiyyətli irəliləyiş" əldə edildiyini bildirib.
Mənbə: anews.az