AZAL uçuşlarda gecikmə və ləğv hallarında sərnişinlərin nələrə diqqət etməli olduğunu açıqlayıb
Hava şəraiti, texniki və əməliyyat səbəbləri ilə uçuşlarda gecikmə və ya ləğv baş verə bilər. Azərbaycan Hava Yolları (AZAL) belə hallarda sərnişinlərin hansı addımları atmalı olduğunu və gecikmənin müddətindən asılı olaraq hansı xidmətlərdən yararlana biləcəyini açıqlayıb.
AZAL-ın məlumatına görə, uçuşun gecikdiyi əvvəlcədən məlum olsa belə, aviaşirkət tərəfindən başqa məlumat verilmədiyi halda sərnişinlər ilkin uçuş vaxtını nəzərə alaraq hava limanına gəlməlidirlər. Aviaşirkət sərnişinlərə uçuşdan ən azı üç saat əvvəl hava limanında olmağı tövsiyə edir.
Uçuşun aktual vəziyyəti AZAL-ın internet səhifəsi və mobil tətbiqi, elektron poçt, hava limanındakı məlumat ekranları və səsləndirilən elanlar vasitəsilə izlənilə bilər.
Aviaşirkət uçuş vaxtında dəyişiklik olduqda sərnişinlərlə bron zamanı təqdim edilən mobil nömrə və elektron poçt vasitəsilə əlaqə saxlayır. Bildirişlər SMS, WhatsApp və ya e-mail vasitəsilə göndərilə bilər.
Gecikmənin müddətindən asılı olaraq sərnişinlər üçün aşağıdakı xidmətlər nəzərdə tutulur:
7 yaşınadək uşağı olan sərnişinlər – ana və uşaq otağından istifadə edə bilərlər; 2 saatdan çox gecikmə – sərinləşdirici içkilər, həmçinin iki telefon zəngi və ya iki elektron məktub göndərmək imkanı; 5 saatdan çox gecikmə – isti yemək; gecikmə davam etdikdə gündüz hər 6 saatdan, gecə isə hər 8 saatdan bir isti yemək; 8 saatdan çox gecikmə – mehmanxanada yerləşdirmə, hava limanı ilə mehmanxana arasında transfer və baqajın saxlanılması.AZAL qeyd edib ki, bu xidmətlər beynəlxalq uçuşlar üçün nəzərdə tutulub və təqdim edilən təminatlar gecikmənin səbəbindən və tətbiq olunan daşıma qaydalarından asılı olaraq dəyişə bilər.
Reys ləğv edildikdə və ya uçuş vaxtı dəyişdirildikdə sərnişin üçün alternativ uçuş, biletin dəyişdirilməsi və ya pulun geri qaytarılması kimi seçimlər mövcud ola bilər. Konkret imkanlar barədə hava limanında AZAL nümayəndələrindən və ya aviaşirkətin Çağrı Mərkəzindən məlumat almaq mümkündür.
Bir neçə reysdən ibarət səfərlərdə ilk uçuşun gecikməsi növbəti reysə keçidə də təsir göstərə bilər. Belə hallarda sərnişinlər transfer masasına və ya AZAL nümayəndələrinə müraciət edə bilərlər.
Bilet akkreditə olunmuş agentlik vasitəsilə alınıbsa, biletin dəyişdirilməsi və ya geri qaytarılması ilə bağlı əməliyyatların həmin agentlik tərəfindən həyata keçirilməsi tələb oluna bilər.
AZAL sərnişinlərə bron zamanı mobil nömrə və elektron poçt ünvanını düzgün qeyd etməyi, uçuş statusunu mütəmadi yoxlamağı və dəyişiklik baş verdikdə yalnız rəsmi məlumat mənbələrindən istifadə etməyi tövsiyə edib.
Mənbə: anews.az