Azərbaycan XİN Pakistandakı xəstəxana yanğını ilə bağlı başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanın paytaxtı İslamabadda xəstəxananın uşaq şöbəsində baş verən və yeni doğulmuş körpələrin ölümü ilə nəticələnən yanğınla bağlı Pakistan hökumətinə və xalqına başsağlığı verib. XİN bu barədə “X” hesabında paylaşım edib.
“İslamabaddakı Pakistan Tibb Elmləri İnstitutunda baş verən və yeni doğulmuş körpələrin həyatını itirməsi ilə nəticələnən faciəvi yanğın xəbəri bizi dərindən kədərləndirib. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara isə tezliklə şəfa diləyirik. Bu ağır kədərli anda qardaş Pakistan hökuməti və xalqı ilə həmrəyliyimizi ifadə edirik”, – paylaşımda bildirilib.
Qeyd edək ki, avqustun 26-da İslamabadın Pakistan Tibb Elmləri İnstitutunun (PIMS) ana və uşaq sağlamlığı şöbəsində yanğın baş verib. Reuters-in məlumatına görə, yanğın nəticəsində ən azı 14 yeni doğulmuş körpə ölüb. Yanğının kondisionerdə baş verən partlayışdan sonra başladığı bildirilir.
Pakistanın Baş naziri Şahbaz Şərif hadisə ilə bağlı araşdırma aparılması barədə göstəriş verib. Rəsmilər yanğının səbəblərini və xəstəxanadakı yanğın təhlükəsizliyi tədbirlərinin vəziyyətini araşdırırlar.
Mənbə: anews.az