Image

Xankəndidə toyuq hini və tövlə istəyənlərə - cavab

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında sakinlərin əlavə tikililər, toyuq hini, mal-qara tövləsi və digər fərdi ehtiyacların dövlət büdcəsi hesabına qarşılanması tələbləri maliyyələşdirilə bilməz. Bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən bildirilib.

Qeyd olunub ki, bəzi sakinlər sosial platformalarda layihədə nəzərdə tutulmayan tələblər səsləndirir və yaşadıqları mənzillərin təmirindən narazılıqlarını bildirirlər. Bir ildən artıqdır mənzildə yaşayan bəzi sakinlər təbii aşınma və yaşayış sahəsindən istifadə nəticəsində yaranan cari təmir ehtiyaclarının, eləcə də əlavə tikililərin dövlət büdcəsindən maliyyələşdirilməsini tələb edirlər.

Xidmətdən bildirilib ki, yaşayış sahələrində uzunmüddətli istifadə nəticəsində yaranan cari təmir ehtiyaclarının, şəxsi təsərrüfatın qurulması ilə bağlı işlərin, əlavə yardımçı tikililərin, o cümlədən toyuq hini və digər fərdi təyinatlı obyektlərin dövlət vəsaiti hesabına inşa və ya təmir edilməsi üçün dövlət büdcəsində ayrıca maliyyə təminatı nəzərdə tutulmayıb.

“Dövlət büdcəsində nəzərdə tutulmayan belə xərclərin dövlət hesabına qarşılanması mümkün deyil”, -  məlumatda bildirilib.

Vətəndaşların mənzillə təmin olunması çərçivəsində təqdim edilmiş yaşayış sahələrinin texniki vəziyyəti ilə bağlı müraciətlərə qanunvericiliyin tələblərinə uyğun qaydada baxıldığı qeyd edilib.

Tikinti və ya təhvil zamanı mövcud olmuş qüsurlarla bağlı əsaslandırılmış müraciətlər olduqda, həmin hallar aidiyyəti üzrə araşdırılır. Tikililərin və digər obyektlərin vəziyyəti ayrıca texniki qiymətləndirilə bilər.

Xidmətdən bildirilib ki, tikinti qüsuru və ya zəmanət öhdəliyi ilə bağlı məsələ müəyyən edilərsə, bu hal aidiyyəti qurum tərəfindən araşdırılır. Bir ildən artıq müddətdə istifadə edildikdən sonra mənzilin “yararsız” olması ilə bağlı ümumi iddialar isə konkret faktlar və texniki baxışla əsaslandırılmalıdır.

Vətəndaşların yaşayış sahəsinin təhlükəsizliyi, yararlılığı və ya tikinti qüsurları ilə bağlı əsaslandırılmış müraciətlərinə həssaslıqla yanaşıldığı və onların qanunvericiliyə uyğun araşdırıldığı bildirilib.

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb

Cəlilabadda zəlzələ olub