İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi ölkəsinin müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib.
İlham Əliyev məktubunda Özbəkistanın müstəqillik əldə etdikdən sonra hərtərəfli və dinamik inkişaf yolu keçdiyini, böyük uğurlar qazandığını və beynəlxalq aləmdə yüksək nüfuz əldə etdiyini qeyd edib.
Azərbaycan Prezidenti Özbəkistanda həyata keçirilən islahatları və quruculuq işlərini də vurğulayaraq, ölkənin iqtisadi tərəqqiyə və əhalinin sosial rifahının təmin olunmasına nail olduğunu bildirib.
O, Azərbaycan-Özbəkistan münasibətlərinin ortaq tarixi-mədəni bağlar, dostluq və qardaşlıq əsasında inkişaf etdiyini qeyd edib.
“Özbəkistanla ikitərəfli əlaqələrimizin bundan sonra da hərtərəfli inkişaf etdirilməsi və dərinləşdirilməsi bizim üçün prioritet məsələlərdən biridir”, - deyə İlham Əliyev bildirib.
Azərbaycan Prezidenti dövlətlərarası əlaqələrin və müttəfiqliyin getdikcə möhkəmləndiyini, çoxşaxəli əməkdaşlığın yeni praktiki məzmun qazandığını vurğulayıb.
İlham Əliyev məktubunun sonunda Şavkat Mirziyoyevə möhkəm cansağlığı, xoşbəxtlik və fəaliyyətində uğurlar, Özbəkistana isə rifah və firavanlıq arzulayıb.
Mənbə: anews.az